“Enerji menecment sisteminə dair tələblər” təsdiq edilib

“Enerji menecment sisteminə dair tələblər” təsdiq edilib
# 19 avqust 2022 14:16 (UTC +04:00)

“Enerji menecment sisteminə dair tələblər”in təsdiq edilməsi barədə qərar verilib.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Bu Tələblər təsərrüfat subyektlərində enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan enerji menecment sisteminin (EMS) tətbiqi ilə bağlı tələbləri müəyyən edir. Beləliklə, təsərrüfat subyektləri tərəfindən enerji effektivliyi üzrə aşağıdakı tədbirlər həyata keçirilə bilər:

- enerji resurslarından səmərəli istifadə sahəsində prioritet, məqsəd və hədəflərin müəyyən edilməsi;

- enerji istehlakı vərdişlərinin yaxşılaşdırılmasına, enerjidən səmərəsiz istifadənin qarşısının alınmasına yönəldilmiş tədbirlərin müəyyənləşdirilməsi, təşviqi və bu sahədə işçilərin bilik və məlumatlılıq səviyyəsinin artırılması üçün təlimlərin təşkili;

- enerji istehlak edən sistemlər, texnoloji proseslər və ya avadanlıqlar üzərində aparıla biləcək modifikasiyaların müəyyənləşdirilməsi və tətbiqi;

- enerji istehlak edən avadanlıqların səmərəliliyinin monitorinqi, texniki xidmət və kalibrləmənin vaxtında həyata keçirilməsi;

- enerji tələbatı və səmərəlilik artırıcı tətbiqlər üzrə planlaşdırmanın həyata keçirilməsi və buna uyğun xərc-fayda təhlilinin aparılması;

- enerji istehlakı və xərclərinin monitorinqi, qiymətləndirilməsi və dövri hesabatların hazırlanması;

- enerji istehlakının izlənməsi məqsədilə ölçmə vasitələri ilə təmin edilmə, quraşdırma və vaxtlı-vaxtında kalibrlənmənin aparılması;

- enerji effektivliyi, enerjidən istifadə və enerji istehlakı üzrə göstəricilərin monitorinqi və təkmilləşdirmə ilə bağlı təkliflərin hazırlanması;

- istehlak edilən enerji resursunun əvəz edilməsi və bərpa olunan enerji növlərinin tətbiqi imkanlarının araşdırılması, ətraf mühitin qorunması, zərərli emissiyaların azaldılması və emissiya hədlərinin aşılmaması ilə bağlı tədbirlərin hazırlanması və həyata keçirilməsi;

- enerji təchizatında kəsinti halları üçün alternativ planların hazırlanması.

Enerji effektivliyi tədbirləri onları həyata keçirən təsərrüfat subyektlərinin ölçüsündən, fəaliyyət sahəsindən, təqdim etdiyi məhsul və xidmətlərdən, texnoloji proseslərin mürəkkəbliyi və onların qarşılıqlı əlaqəsindən, habelə işçi heyətin səriştəsindən asılı olaraq müxtəlif ola bilər.

3.1. Enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə təsərrüfat subyektində EMS yaradılır, tətbiq edilir, işlək vəziyyətdə saxlanılır və daim təkmilləşdirilir. EMS-in yaradılması, tətbiqi, işlək vəziyyətdə saxlanılması və daim təkmilləşdirilməsi İSO 50001 “Enerji menecment sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartının əsasında qəbul edilmiş dövlət standartına uyğun həyata keçirilir. EMS-in yaradılması ilə bağlı sertifikatlaşdırma “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanuna əsasən uyğunluğu qiymətləndirilmiş qurum tərəfindən həyata keçirilir. Qanunun tələbləri şamil olunmayan təsərrüfat subyektləri sertifikatlaşdırılma ilə bağlı məlumatı Energetika Nazirliyinə təqdim edir. Enerji effektivliyi, enerjidən istifadə və enerji istehlakı üzrə göstəricilər, habelə EMS üzrə müsbət nəticələrin əldə edilməsi məqsədilə təsərrüfat subyektinin rəhbəri tərəfindən aşağıdakı tədbirlərin həyata keçirilməsi təmin edilir:

- enerji siyasətinin, o cümlədən enerji məqsədləri və hədəflərinin müəyyən edilməsi, habelə onların təsərrüfat subyektinin inkişaf strategiyası ilə uyğunlaşdırılması;

- EMS-in tətbiqi sahələrinin (hüdudlarının) müəyyən edilməsi;

- EMS-in təsərrüfat subyektinin fəaliyyəti prosesinə inteqrasiyası;

- EMS-in tətbiqi üzrə tədbirlər planının hazırlanması, təsdiq edilməsi və icrasının təmin edilməsi;

- EMS üçün lazımi resursların mövcudluğunun təmin edilməsi;

- təsərrüfat subyekti daxilində effektiv enerji menecmentinin və EMS tələblərinə uyğunluğun mühümlüyünün işçi heyətinə aşılanması;

- EMS üzrə məqsəd və hədəflərə nail olunması;

- enerji istehlakı göstəricilərinin və EMS-in daim təkmilləşdirilməsinə dəstək;

- EMS üzrə məsul bölmənin (şəxsin), müvafiq xidməti göstərə bilən hüquqi və ya fiziki şəxsin lazımi məlumatlarla təmin edilməsi;

- EMS-ə və enerji effektivliyi, enerjidən istifadə və enerji istehlakı üzrə göstəricilərə təsir edən dəyişikliklərin müəyyən edilməsi, onlara cavabvermə mexanizminin yaradılması və tətbiqinin təmin edilməsi.

Ttəsərrüfat subyekti enerji səmərəliliyi və EMS üzrə nəticələrin monitorinqini və qiymətləndirilməsini planlaşdırılmış müddətdə aparır və bu məqsədlə aşağıdakıları həyata keçirir:

- monitorinq və ölçmə aparılacaq sahələrin müəyyən edilməsi;

- nəticələrin etibarlılığını təmin etmək məqsədilə monitorinq, ölçmə, təhlil və qiymətləndirmə metodunun müəyyən edilməsi;

- monitorinq və ölçmələrin aparılması müddətinin müəyyən edilməsi;

- monitorinq və ölçmə nəticələrinin təhlili və qiymətləndirilməsi müddətinin müəyyən edilməsi;

- təsərrüfat subyekti aparılan monitorinq və ölçmələrin nəticələri, habelə bu nəticələrə əsasən həyata keçirilmiş tədbirlər barədə məlumatı qeydə alır və saxlayır;

- təsərrüfat subyekti vaxtaşırı olaraq enerji effektivliyi, enerjidən istifadə və enerji istehlakı, habelə EMS ilə bağlı qanunvericilik və digər tələblərə riayət edilməsini qiymətləndirir;

- təsərrüfat subyekti, tətbiq olunan EMS-in enerji səmərəliliyinə təsirini, təsərrüfat subyektinin tələbatına, enerji siyasətinə və bu Tələblərin 3.2-ci bəndində qeyd edilmiş dövlət standartına cavab verdiyini, habelə işlək vəziyyətdə saxlanıldığını müəyyən etmək məqsədilə planlaşdırılmış müddətlərdə daxili enerji auditini həyata keçirir;

- daxili enerji auditi üçün auditin aparılma tezliyi (müddət) və metodlarını ehtiva edən müvafiq proqram tərtib edilir;

- hər bir daxili enerji auditi üçün audit sahələri və meyarları müəyyən edilməklə auditin obyektivliyi və şəffaflığı təmin edilir, nəticələri barədə təsərrüfat subyektinin rəhbərliyinə məlumat verilir və müvafiq sənədləşdirmə aparılır;

- təsərrüfat subyektinin rəhbərliyi tərəfindən təsərrüfat subyektində tətbiq olunan EMS-in təhlili aparılır və təhlilin nəticəsində EMS-in təkmilləşdirilməsi imkanlarını və müvafiq dəyişikliklərin edilməsini nəzərdə tutan qərarlar verilir.

Fəaliyyətin qiymətləndirilməsi nəticəsində uyğunsuzluqlar müəyyən edildiyi zaman təsərrüfat subyekti onların səbəblərini müəyyən etməklə nəticələrin aradan qaldırılması və bu uyğunsuzluqların təkrar olunmaması məqsədilə müvafiq tədbirlər görür. Təsərrüfat subyekti EMS-in uyğunluğunu təmin edir, səmərəliliyini daim artırır və enerji effektivliyi, enerjidən istifadə və enerji istehlakı göstəricilərinin daim yaxşılaşdığını nümayiş etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR