Fatma Yıldırım:  “Ağalı kəndi Böyük Qayıdışın ilk müjdəsi olacaq”

Fatma Yıldırım, Milli Məclisin deputatı

© APA | Fatma Yıldırım, Milli Məclisin deputatı

# 05 may 2022 18:04 (UTC +04:00)

“İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri böyük sürətlə aparılır və bu işlər ölkə rəhbərliyinin xüsusi diqqətindədir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevrəcəyik”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, dövlət başçısı İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən azad olunmuş ərazilərlə bağlı mühüm mesajlar verib. Baxmayaraq ki, erməni vandalları 30 il ərzində həmin əraziləri tamamilə dağıdıb, amma dövlətimiz bu torpaqlarda yenidən həyatı qaytarmaq üçün əzm və qətiyyət nümayiş etdirir. Onun sözlərinə görə, artıq xalqımız, milli dəyərlərimiz və ənənələrimiz bu torpaqlara qayıdıb: “Azərbaycan xalqı bundan sonra həmin torpaqlarda əbədi yaşayacaq. Bu hadisə həmçinin, Ulu öndər Heydər Əliyevin arzularının reallaşması deməkdir. Prezident İlham Əliyev Zəngilanda görüləcək işlər barədə fikirlərini bildirdi. Füsunkar təbiəti olan bu diyarın gələcəyi çox gözəl olacaq. Şərqi Zəngəzurun turizm imkanları da çox böyükdür. Dövlət başçısı bu istiqamətdə görüləcək işlərdən də bəhs edib”.

Fatma Yıldırım qeyd edib ki, bütövlükdə regionda yeni reallıqlar yaradan dövlətimizin bölgənin gələcəyi ilə bağlı hədəfləri böyükdür: “Bu hədəflərə çatmaq üçün Azərbaycan bütün imkanlarını səfərbər edir. Sülhün və təhlükəsizliyin qarantı olan dövlətimiz işğaldan azad edilmiş Qarabağın, Şərqi Zəngəzurun bərpası və insanların öz doğma yurdlarına qayıtması üçün qarşısında qoyduğu hədəflərə qısa müddətdə nail olacaq. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq. Ağalı kəndi Böyük Qayıdışın ilk müjdəsi olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR