Gəncədə Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib - FOTO

Gəncədə Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib - FOTO
# 26 fevral 2023 21:47 (UTC +04:00)

Gəncədə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

APA xəbər verir ki, mərasim Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə-2”də, “Xocalı soyqırımı” abidəsinin önündə təşkil olunub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə şəhər Appelyasiya Məhkəməsinin sədri, Türkiyənin və Gürcüstanın Gəncədəki Baş konsulları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri və şəhərdə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra mərasim iştirakçıları “Xocalı soyqırımı” abidəsinin önünə gül dəstələri qoyub, soyqırımı qurbanlarının xatirəsini yad ediblər.

Saat 17:00-da Xocalı faciəsinin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.

Rəsmi hissədən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Yeni qəsəbə-2”də məskunlaşan Xocalı sakinləri ilə görüşüb, onları narahat edən məsələlər ilə maraqlanıb.

Onu da qeyd edək ki, Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar olaraq Gəncədə dövlət bayraqları yarıya endirilib, eyni zamanda şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, Xalq-Lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin edib. Otuz illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olunub. Bu gün xalqımız Xocalı faciəsi qurbanlarının xatirəsini alnıaçıq, başıuca yad edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR