Gəncədən olan nümayəndə heyəti Qomel Şəhər Günlərində iştirak edib - FOTO

Gəncədən olan nümayəndə heyəti Qomel Şəhər Günlərində iştirak edib - FOTO
# 18 sentyabr 2023 19:30 (UTC +04:00)

Cari ilin 15-17 sentyabr tarixlərində Belarus Respublikasında Qomel şəhərinin 881 illiyinə və Belarusun Milli Həmrəylik Gününə həsr olunan bayram tədbirləri keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, icra başçısının müavini Adil Tağıyev və “Gəncə avtomobil zavodu” İB-in direktoru Kamran Nəzərov Qomel Şəhər İcraiyyə Komitəsinin dəvəti ilə sözügedən tədbirlərdə iştirak ediblər.

Bayram tədbirləri çərçivəsində Qomel Saray-Park Kompleksində Azərbaycan, Rusiya, Qazaxıstan və Serbiyanın nümayəndə heyətləri üzvlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə Gəncə, Bryansk, Surqut, Obninsk və digər şəhərlərdən olan nümayəndə heyətləri üzvlərinin Qomel şəhərinə ünvanlanan təbrikləri dinlənilib.

Qomel Şəhər İcraiyyə Komitəsinin sədri Vladimir Privalov qonaqları salamlayaraq qeyd edib ki, Belarus Respublikasının Qomeldən başqa heç bir şəhərinin bu qədər çox tərəfdaşı yoxdur. Qardaş və dost şəhərlər arasındakı bu münasibətlər iqtisadi əlaqələrə əsaslanır.

“Bu gün biz təkcə Qomelin ad gününü deyil, həm də şəhərlər arasında dostluq gününü qeyd edirik”, - Vladimir Privalov bildirib.

Tədbirdə çıxış edən Adil Tağıyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun salamlarını, xoş arzularını və təbriklərini çatdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında dostluq münasibətlərinin olduğunu qeyd edən Adil Tağıyev, Azərbaycanla Belarus arasında iqtisadi-ticari əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O vurğulayıb ki, Gəncə ilə Qomel şəhərləri arasında dostluq və əməkdaşlıq münasibətləri rəsmi olaraq 2013-cü ildə qurulub. Ötən müddət ərzində bir neçə dəfə qarşılıqlı səfərlər təşkil edilib. Bu səfərlər hər iki şəhərin maşınqayırma, kənd təsərrüfatı, yeyinti və yüngül sənaye müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına əhəmiyyətli dərəcədə təkan verib.

“Gəncə avtomobil zavodu” İB-nin direktoru Kamran Nəzərov çıxış edərək, rəhbərlik etdiyi müəssisənin 2006-cı ildən Belarusun “Moqilyovtransmaş”, “Minsk”, “Bobruysk”, “Qomselmaş”, “Belkommunaş” kimi iri sənaye müəssissələri ilə sıx əməkdaşlıq etdiyini bildirib. O qeyd edib ki, zavodda Belarus şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində müxtəlif model yük avtomobilləri və traktorlar, taxılyığan kombaynlar, avtokranlar, ağır yük daşıyan dartıcılar, maye qazla işləyən avtobuslar və müasir elektrobusların yığımı həyata keçirilir.

Çıxışlardan sonra Gəncə Şəhər İcra Hakimiyyəti adından Qomel Şəhər İcraiyyə Komitəsinə xatirə hədiyyələri təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR