Hikmət Babaoğlu: “Azad edilmiş torpaqlarımıza Böyük Qayıdış başlayıb”

Hikmət Babaoğlu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini

© APA | Hikmət Babaoğlu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini

# 27 may 2022 22:05 (UTC +04:00)

“Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etdi. Dövlət başçısı Ağalı kəndinin sakinləri ilə görüşdəki çıxışında mühüm mesajlar verdi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Müstəqillik Günü ilə bağlı fikirlərini bildirib, mövcud reallıqlara toxunub: “Dövlət başçısı bəyan etdi ki, əsil müstəqillik odur ki, məhz müstəqil siyasət apara biləsən. Azərbaycan isə özünün əsl müstəqilliyinə yalnız xalqın istəyi ilə böyük dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qovuşub. Doğurdan da əldə etdiyimiz tarixi Zəfərin qiymətləndirilməsi zamanı keçdiyimiz yola baxarkən bir daha qəti əmin olmaq olur ki, bu tarixi Zəfərə yalnız müstəqil siyasət həyata keçirməklə nail olmaq mümkün ola bilərdi. Tarixi təcrübə və siyasi keçmişimizdə elə acı nümunələr var ki, məhz müstəqil milli siyasi iradənin nümayiş etdirilə bilməməsi səbəbindən başımıza gəlib. 1918-ci ildə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın, İrəvanın, 1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi hər nə qədər tarixi proseslərlə bağlı idisə, bir o qədər də həmin şərtlər içərisində müstəqil siyasətin olmaması ilə bağlı idi”.

Deputat qeyd edib ki, hazırda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, azad edilmiş torpaqlarımıza Böyük Qayıdış başlayıb: “10 min kvadrat kilometrdən çox ərazi nəhəng tikinti, yol-nəqliyyat və enerji kommunikasiyası meydançasına çevrilib. Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında regionumuzun sülh gündəmi müəyyən edilib, Qərbi Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə olunub, Şuşa regionun və Türk dünyasının mədəniyyət mərkəzlərindən birinə çevrilməkdədir. Ermənistan mövcud olduğu tarixdən bu günə qədər heç vaxt yaşamadığı məğlubiyyətə məhkum edilib, Azərbaycana qarşı ən müxtəlif iddialardan geri çəkilməyə məcbur edilib. Bütün bunların isə hərbi-siyasi və diplomatik memarı müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Zəngilandan mesajlar da məhz yaradılmış bu reallığın verdiyi imkanlara söykənərək verilirdi. Bu mesajlar tarixi həqiqətə, beynəlxalq hüquqa və nəhayət, ədalətə istinad edilərək verilirdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR