İnzibati məhkəmə icraatının elektron qaydada aparılacağı hallar müəyyənləşib

İnzibati məhkəmə icraatının elektron qaydada aparılacağı hallar müəyyənləşib
# 07 fevral 2023 18:31 (UTC +04:00)

İnzibati məhkəmə icraatının elektron qaydada aparılacağı hallar müəyyənləşib.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər.

“Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.

Məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi üçün məhkəmə öz təşəbbüsü ilə, yaxud tərəflərin əsaslandırılmış vəsatəti əsasında müvafiq qərardad qəbul edir.

Videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən məhkəmə iclaslarının və prosessual hərəkətlərin videoyazısı aparılmalı, videoyazıya uyğun olaraq protokol tərtib edilməli və videoyazı elektron daşıyıcıda işə əlavə edilməlidir.

Bu Məcəllədə nəzərdə tutulmuş hallarda videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasının aparılmasına yol verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR