Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib - YENİLƏNİB

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib - YENİLƏNİB
# 06 iyun 2022 19:32 (UTC +04:00)

İyunun 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclası açan komitə sədri Tahir Mirkişili gündəliyə 7 məsələnin daxil edildiyini bildirib. O, əvvəlcə “Ələt azad iqtisadi zonası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. Dəyişikliklərin əsas cəhətlərini diqqətə çatdıran komitə sədri bildirib ki, Ələt AİZ-də qeydiyyatdan keçən bütün hüquqi şəxslər vergilərdən azaddır, zonada işləyənlərin gəlir vergisinin dərəcələrini isə Ələt AİZ-in səlahiyyətli qurumu müəyyən edir. Azərbaycan şirkətləri zonaya mal və xidmət satdıqda ixrac əməliyyatı sayıldığı üçün ƏDV və rüsumlardan azaddır. Həmçinin komitə sədri vurğulayıb ki, Ələt AİZ ofşor zona deyil, azad zonada cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyin müddəaları tətbiq edilir.

Gündəliyin ikinci məsələsi olan “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsi (ikinci oxunuş) ilə bağlı danışan komitə sədri, sənədin birinci oxunuşunda millət vəkilləri tərəfindən irəli sürülən təkliflərin qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə müzakirəsi və nəzərə alınan təkliflər barədə məlumat verib.

Sonra Mülki Məcəllədə, Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə bildirilib ki, dəyişikliklər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda təsbit olunan müddəalara uyğunlaşdırma xarakteri daşıyır.

İclasda bildirilib ki, dördüncü məsələ olan “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsi (ikinci oxunuş) də uyğunlaşdırma xarakteri daşıyır və “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun icrası ilə əlaqədar hazırlanıb.

Qeyd olunub ki, beşinci məsələ olan “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) “Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsində edilən dəyişikliklərə əsasən hazırlanıb. Belə ki, həmin dəyişikliklərdə dövlət sosial sığorta haqlarının hesablanması, ödənilməsi və bu sahədə fəaliyyətə nəzarət funksiyaları, habelə məcburi dövlət sosial sığorta haqları üzrə borcların hesablanması, haqqın vaxtında ödənilməməsinə görə faizlərin və maliyyə sanksiyalarının tətbiqi ilə bağlı səlahiyyətlər vergi orqanlarına həvalə edilib. Təklif olunan qanun layihəsi də həmin qanunlara uyğunlaşdırma xarakterlidir.

İclasda ikinci oxunuşda olan beş qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Komitə sədri bildirib ki, altıncı məsələ olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) adıçəkilən qanunların tətbiq dairəsinə istilik sayğacları və istilik şəbəkələrinin də əlavə olunmasını ehtiva edir. Komitə bu qanun layihəsini də Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edib.

Sonra komitədə iclasın sonuncu və əsas məsələsi olan “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi başlayıb.

Məsələni müzakirəyə təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, ötən ilin büdcəsinin gəlirləri və xərcləri ilə bağlı əsas parametrləri və göstəriciləri ilə bağlı birinci oxunuşda kifayət qədər geniş məlumat verilib. O, xatırladıb ki, 2021-ci ilin Dövlət Büdcəsi proqnozdan 969 milyon manat artıq, xərcləri isə 1 milyard 120 milyon manat qənaətlə yerinə yetirilib, ÜDM 5,6% artıb. O, büdcənin icrasının müzakirələrinin ikinci oxunuşun tələblərinə uyğun olaraq bir qədər fərqli formada və detallı təşkil edildiyini, büdcənin ortamüddətli xərclər çərçivəsində və nəticə əsaslı büdcə olaraq daha geniş şəkildə nəzərdən keçiriləcəyini diqqətə çatdırıb. O, bunun üçün Təhsil, Kənd Təsərrüfatı nazirlikləri və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən xərc istiqamətləri ilə bağlı ətraflı təqdimatlar ediləcəyini bildirib.

Büdcənin gəlirləri ilə bağlı Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev yığılan vergilər, proqnozlardan artıq yığılan vəsaitlər haqqında qısa izah verib. Bildirib ki, 2021-ci ildə vergi daxilolmaları 8,5 milyard manat təşkil etməklə, proqnoza 117,6% əməl olunub və bununla da 1 milyard 279 milyon artıq vəsait toplanıb. Vergi daxilolmalarının büdcədə payının 32,3% təşkil etdiyini bildirən İlkin Vəliyev toplanan vəsaitin strukturu haqqında məlumat verib.

Sonra İclasda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev fondun maliyyə mənbələri, xərcləri barədə göstəriciləri açıqlayıb. O, icbari tibbi sığorta üzrə xidmətlər zərfinə, agentliyin tabeliyindəki müəssisələrə və digər sərf olunan vəsaitlərin istiqamətləri barədə danışıb, rəhbərlik etdiyi qurumun struktur dəyişikliklərindən və qarşıda dayanan vəzifələrindən bəhs edib.

Təhsil nazirinin müavini İdris İsayev 2021-ci il dövlət büdcəsində təhsil xərclərinin icrasina dair slaydlar formatında təqdimatla çıxış edib. O, büdcədə təhsilə ayrılan xərclərinin artım tempindən, büdcə vəsaitlərindəki çəkisindən danışıb, Təhsil Nazirliyinin 2021-ci il üzrə büdcə vəsaitlərinin icrasından bəhs edib. Nazir müavini təhsildə keyfiyyət və idarəetmə, əməyin ödənişi, təhsilin əhatəliliyi kimi istiqamətlərlə bağlı nailiyyətləri diqqətə çatdırıb.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova təmsil etdiyi nazirliyin büdcə vəsaitləri, onların xərclənməsi, qarşıya qoyulan hədəflər və əldə olunan nəticələrlə bağlı göstəriciləri açıqlayıb.

Sonra çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov səhiyyə xərclərinin artırılmasını, icbari tibbi sığortada əldə olunan nailiyyətləri müsbət hal kimi dəyərləndirib. Əhliman Əmiraslanov icbari tibbi sığortanın əhatə dairəsinin artırılması, icbari tibbi sığorta üzrə xidmətlər zərfinin genişləndirilməsi, xüsusən oraya onkoloji xəstəliklərin daxil edilməsi ilə bağlı fikirlərini səsləndirib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev 2021-ci ili bütövlükdə ölkəmizin sosial-iqtisadi inkişafı baxımından uğurlu bir il kimi dəyərləndirib, təhsil xərclərinin artırılmasını təqdir edib. Komitə sədri təhsildə, həmçinin digər sahələrdə həyata keçirilən dövlət proqramlarının monitorinqinin aparılmasının və səmərəliliyinin qiymətləndirilməsinin, büdcə xərclərinin nəticə yönümlüyünün artırılmasının əhəmiyyətindən bəhs edib. O, elm və təhsilin büdcə vəsaitlərindəki yeri, bu sahələrin inkişafı ilə bağlı qeydlərini bildirib.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev büdcənin uğurla icra edildiyini, 2021-ci ildə qeyri-neft, xüsusən də aqrar sektorun nailiyyətlər əldə etməsini vurğulayıb. Komitə sədri aqrar sektorda nailiyyətlərin dayanıqlığının qorunması, səmərəli nəticələrin artırılması üçün elmi yanaşmaların tətbiqi ilə bağlı fikirlərini açıqlayıb.

Müzakirələrdə deputatlar Vahid Əhmədov, Vüqar Bayramov, Rüfət Quliyev, Aydın Hüseynov, İqbal Məmmədov, Məzahir Əfəndiyev çıxış edərək Təhsil, Kənd Təsərrüfatı nazirlikləri və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təqdim etdikləri göstəricilərlə bağlı fikirlərini və qarşıya qoyulan hədəflərin, ayrılan vəsaitlərin yerinə yetirilməsi istiqamətində fikirlərini bildiriblər, suallarını səsləndiriblər.

İclasda maliyyə nazirinin müavini Azər Bayramov, Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov, qurumun şöbə müdirləri Azim Abbasov və Zəfər Rzayev müzakirə olunan məsələlərlə bağlı rəylərini bildiriblər, əldə olunan nəticələr barədə fikirlərini açıqlayıblar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Təhsil nazirinin müavini İdris İsayev, Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, səsləndirdikləri sualları cavablandırıblar.

Müzakirələrin sonunda deputatlar “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

İclasda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, deputatlar Mahir Abbaszadə, Elnur Allahverdiyev, Anar Məmmədov, Məşhur Məmmədov, Ziyad Səmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.

***

14.14

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

APA xəbər verir ki, iclasda maliyyə nazirinin müavini Azər Bayramov, Maliyyə Nazirliyinin şöbə müdirləri - Fazil Fərəcov və Fikrət Şirinov, Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev, təhsil nazirinin müavini İdris İsayev, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev iştirak edib.

İclasın gündəliyinə 7 məsələ daxil olub.

Bunlar aşağıdakılardır:

1. "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

2. "İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yanğın təhlükəsizliyi haqqında", "Yerin taki haqqında", “Balıqçılıq haqqında", "Texniki təhlükəsizlik haqqında", "Atmosfer havasinin mühafizəsi haqqında", "Tütün ve tütün məmulatı haqqında", "Telekommunikasiya haqqinda, "Damazlıq heyvandarlıq haqqında", "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında", "Pambıqçılıq haqqında" və "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi(ikinci oxunuş).

4. "Əhalinin sağlamlığının qorunması haqqında", "Mülki dövriyyədə olmasına yol verilmeyen (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilen (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Insan alverinə qarşı mübarizə haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

5. "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi (üçüncü oxunus).

7. "Azərbaycan 2021-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Qanun layihələri müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR