"Həm iclasımızın, həm də növbədənkənar sessiyamızın gündəliyinə daxil olan məsələlər başa çatdı. Sessiyanın yekunları ilə bağlı bildirmək istəyirəm ki, bu dövrdə Milli Məclisin 9 iclası keçirilmiş, 90 qanun və qərar qəbul edilib".
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
“Bu gün Ulu Öndərin 1969-cu ildə Azərbaycanda ilk dəfə ali hakimiyyətə gəlməsinin 54-cü ildönümü tamam olur. Bu haqda hörmətli həmkarlarım söz açdılar. Məhz o illərdə Azərbaycan tərəqqi və çiçəklənmə dövrünə qədəm qoyub.
Azərbaycanın başladığı bu uğurlu yol Ulu Öndərin xidmətləri sayəsində dövlət müstəqilliyi dövründə davam etdirilib.
Bu dahi şəxs, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin növbədənkənar sessiyasında daha bir xüsusi iclas keçirilib və Bəyanat qəbul olunub”, - sədr qeyd edib.
Sahibə Qafarovanın sözlərinə görə, növbədənkənar sessiya dövründə Milli Məclisdə iki dinləmə keçirilib: “Onlardan biri ölkəmizdə uşaq hüquqlarına, digəri isə Qərbi Azərbaycanın tarixi və mədəni irsi ilə bağlı məsələlərə həsr edilib.
Eyni zamanda, qeyd edim ki, sessiya müddətində qanunvericilik fəaliyyəti ilə yanaşı, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülüb.
İyun ayının 6-dan bu günə qədər, yəni bir ay 8 gün ərzində Milli Məclisin 39 deputatı 16 xarici ölkəyə 51 səfər həyata keçirilib. 7 xarici ölkənin və 3 beynəlxalq təşkilatın nümayəndə heyətləri Milli Məclisdə qəbul edilib.
Həmçinin, bizim deputatlar Özbəkistanda keçirilmiş Prezident seçkilərini müşahidə ediblər.
Bildiyiniz kimi, Milli Məclisin sədrinin Avstriya Respublikasına rəsmi səfəri olub və mən bu barədə sizə məlumat vermişdim. İnanıram ki, həm yaz sessiyasında, həm də növbədənkənar sessiyada görülmüş işlər gələn sessiyanın uğurlarına da möhkəm zəmin yaradıb. Mən səmərəli fəaliyyət üçün Sizin hamınıza təşəkkür edirəm. Hörmətli deputatlar, Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan edirəm”.