MSK sədri: “Çalışırdıq ki, üç adlı seçki dairələri olmasın”

MSK sədri: “Çalışırdıq ki, üç adlı seçki dairələri olmasın”
# 26 iyul 2022 16:39 (UTC +04:00)

“Bizim üçün əsas məsələ seçki dairələrinin sərhədlərinin müəyyən edilməsidir”.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, bu, ciddi məsələdir: “Burada müəyyən maraqların toqquşması, yeni seçki məntəqələrin yaradılması ilə bağlı problemlər ola bilər. Çünki yeni yaradılan hansısa məntəqəyə görə əhalini həmin seçki məntəqəsində səs verməyə məcbur etmək olmaz. Ona görə hansı yerlərdə problem olması ehtimalı varsa, dairə sərhədlərinin müəyyən edilməsinə oradan başlamaq lazımdır. Optimal yolları seçmək lazımdır ki, dairələrin sərhədlərinə toxunulmasın. Biz çalışırdıq ki, üç adlı seçki dairələri olmasın. Bütün ölkə üzrə seçki dairələrinin sərhədlərinin toxunulmazlığını nəzərə alaraq, maksimum çalışmaq lazımdır ki, seçki dairələrinin adında 2 addan o tərəfə keçməyək. Yaşayış məntəqələri arasında konflikt yaradılmamasına diqqət edilməlidir. Maksimum elə etmək lazımdır ki, seçki dairələrinin sərhədləri ilə bağlı problem yaranmasın”.

Məzahir Pənahov sosial şəbəkələrdə problemin baş verəndən sonra qabardılmasına da münasibət bildirib: “Bizə vaxtında yerlərdə olan problemlərlə bağlı əvvəlcədən məlumat verilmir. Əfsuslar olsun ki, yalnız problem baş verəndən sonra paylaşırlar”.

Qeyd edək ki, hazırda ölkədə adında üç ad olan 7 seçki dairəsi - 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR