Naxçıvan Çanaqqala Zəfərinin 108-ci ildönümü münasibətilə tədbir keçirilib - FOTO

Naxçıvan Çanaqqala Zəfərinin 108-ci ildönümü münasibətilə tədbir keçirilib - FOTO
# 18 mart 2023 20:12 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında 18 Mart – Çanaqqala Zəfərinin 108-ci ildönümü münasibətilə tədbir keçirilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının xarici əlaqələr üzrə baş məsləhətçisi Beyrək Cəfərov, Türkiyə ordusunun zabitləri, ictimaiyyət və media nümayəndələri, türkiyəli tələbələr iştirak ediblər.

Mərasimdə şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil və gül dəstələri qoyub, Şəhidlər xiyabanını ziyarət ediblər. Sonda iştirakçılar tərəfindən torpaqlarımızın azadlığı naminə canını qurban vermiş qəhrəman oğullarımızın məzarlarına və Şəhidlər xiyabanının mərkəzində əzəmətlə ucalan “Ana” heykəli qarşısına tər güllər düzülüb.

Türk konsulluğunun konfrans zalında davam edən tədbirdə əvvəlcə hər iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib, Çanaqqala şəhidlərinin və qardaş ölkədə baş verən zəlzələdə həyatını itirmiş insanların ruhuna dualar oxunub.

Sonra Çanaqqala zəfərinə və Türkiyə Respublikasında baş verən zəlzələ sonrası Naxçıvan ictimaiyyətinin yardım aksiyaları ilə bağlı videoçarx nümayiş olunub.

Anım tədbirində çıxış edən Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya bildirib ki, şəhidlərimizin sarsılmaz Vətən sevgisi, xalqımızın, o cümlədən iki qardaş ölkənin birliyi və bərabərliyi ən böyük qürurumuz, zənginliyimiz və gücümüzdür.

Tarixi qəhrəmanlıqlarla dolu olan millətimiz 108 il əvvəl Çanaqqalada böyük bir tarix yazıb və torpaqlarımızın işğalına heç vaxt razı olmayacağını dünyaya nümayiş etdirib. Bununla yanaşı Çanaqqala döyüşü həm də gələcək qurtuluş savaşının şərəfli başlanğıcı oldu.

Dəniz və quru qoşunlarını əhatə edən və bütün çətinliklərə baxmayaraq, türk hərb tarixinin şərəfli səhifələrindən birinə çevrilən bu döyüş Atatürk kimi bir dahini yetişdirmiş, gələcək qurtuluş savaşında onun liderliyinə əsas zəmin yaratmışdır. Hər biri ayrı-ayrılıqda qəhrəmanlıq nümunəsi sayılan döyüşlərdə itirilən insanların sayına və sosial mənşəyinə nəzər salanda mübarizənin bir ümumxalq mübarizəsi olduğuna heç bir şübhə qalmır.

Baş konsul çıxışında qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindəki haqlı qələbəsi Türkiyə Respublikasında da böyük coşqu ilə qarşılandı. Müharibənin başlandığı ilk gündən Türkiyə qardaş Azərbaycana bütün imkanları ilə öz mənəvi dəstəyini göstərdi, həmçinin fevral ayının əvvəllərində Vətənimizdə baş verən təbii fəlakətdə Azərbaycan xalqı əlindən gələn bütün yardımı göstərməklə tarixi qardaşlığı, birlik və həmrəyliyi bir daha dünyaya tanıtdı.

Sonra Naxçıvan Dövlət Universitetində təhsil alan türk tələbələr tərəfindən böyük zəfərə həsr olunmuş şeirlər qiraət edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR