PA rəsmisi: Dövlətin xarici siyasəti ilə bağlı beyin mərkəzlərinin fəaliyyəti kompleks olmalıdır

Səadət Yusifova

© APA | Səadət Yusifova

# 28 sentyabr 2022 09:57 (UTC +04:00)

Sosial mediada problemlərin olduğu hər kəsə bəllidir. Beyin mərkəzləri o qədər güclü inkişaf etməli və mükəmməl olmalıdır ki, sosial media cəmiyyəti çaşdırmasın.

APA xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda deyib.

Dünyada ədalətsizlikdən və ikili standartlardan danışan Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan Prezidenti dəfələrlə BMT-nin Təhlükəsizlik Şurasının ölkəmizə qarşı ədalətsiz münasibətini qeyd edib.

“Biz bu münasibəti torpaqlarımızın 20 faizinin işğal altında qalması ilə gördük. Azərbaycan BMT TŞ-nin qətnamələrini özü yerinə yetirdi ki, bu da BMT-nin yarandığı tarixdən ilk belə hal idi", - o qeyd edib.

Səadət Yusifova bildirib ki, Azərbaycanda beyin mərkəzləri SSRİ dağıldıqdan sonra formalaşmağa başlayıb və ilk illərdə xarici ölkələr əsas donorlar olub, lakin zamanla bu istiqamətdə işlər görülüb.

PA rəsmisi vurğulayıb ki, bu gün həm dövlətə bağlı olan, qismən və ya tamamilə dövlət tərəfindən maliyyələşən və müstəqil beyin mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər daxili və xarici siyasət və ya müəyyən regionlar üzrə ixtisaslaşıb.

Səadət Yusifova əlavə edib ki, beynəlxalq statistikaya görə, Azərbaycanda 20 beyin mərkəzi var, ancaq daha əvvəlki hesabatda bu rəqəm 13 idi: “Keyfiyyətli iş və kəmiyyət baxımından Azərbaycandakı beyin mərkəzləri Qərbdəki beyin mərkəzlərindən geridədir və bunun da müəyyən səbəbləri var. Bunlar mərkəzlərlə bağlı hüquqi statusun qeyri-müəyyənliyi, sabit maliyyə mənbəyinin olmaması və sairdir. Həmçinin, ekspertlərin dil biliyi ilə bağlı məhdudiyyətlər onların beynəlxalq mətbuata çıxışına mane törədir”.

Səadət Yusifova əlavə edib ki, bu gün regionda yeni təhlükəsizlik sistemi formalaşır, Azərbaycan geosiyasi və geoiqtisadi mövqeyinə görə, cəlbedici ölkəyə çevrilir. O əlavə edib ki, regionda baş verənlərin təhlili və proqnozlaşdırılması üçün beyin mərkəzlərinin rolu vacibdir: “Dövlətin xarici siyasəti ilə bağlı beyin mərkəzlərinin fəaliyyəti kompleks olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR