Parlamentdə sosial xarakterli fövqəladə mühit rejimi ilə bağlı mübahisə yaranıb

Milli Məclisin iclası

© APA | Milli Məclisin iclası

# 01 fevral 2023 15:50 (UTC +04:00)

“Konstitusiyamız sosial xarakterli fövqəladə mühit rejimi tətbiq etməyə imkan vermir”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında “Fövqəladə vəziyyət haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.

Qüdrət Həsənquliyev deyib ki, belə rejim parlamentdən kənar tətbiq olunacaq: “Digər tərəfdən, əgər sosial xarakterli fövqəladə mühit rejimində insan hüquqları məhdudlaşdırılmırsa, buna nə ehtiyac var? Fövqəladə mühit rejimi fövqəladə vəziyyət deyilsə, niyə bu haqda qanun qəbul edirik? Ən azı sosial xarakterli fövqəladə mühit rejiminin hansı hallarda tətbiq olunacağı açıqlanmalıdır. Ən azı bir hal açıqlansın. Belə mühitdə hansısa hüquqlar məhdudlaşdırılacaqsa, buna da parlament icazə verməlidir ”.

Deputat Fazil Mustafa da qeyd edib ki, Konstitusiyanın tələblərinə uyğun gələn qanun qəbul edilməlidir: “Bu qanun Konstitusiyaya uyğun gəlmir”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə bildirib ki, sosial xarakterli fövqəladə mühit rejimi koronavirus, quş qripi kimi halları nəzərdə tutur: “Məgər at, arı barədə Konstitusiyada yazılıb? Ancaq biz onlar barədə qanunlar qəbul etmişik”.

Qüdrət Həsənquliyev isə diqqətə çatdırıb ki, qanuna əsasən, epidemiya zamanı fövqəladə vəziyyət tətbiq olunur: “Həm də biz niyə Rusiyadan, Qazaxıstandan nümunə götürürük? Avropa ölkələrinin hansında belə məsələ var? Yeni sosial xarakterli fövqəladə mühit rejimi hüquq sisteminin eybəcərləşdirilməsidir”.

Ziyafət Əsgərov qeyd edib ki, belə hallar kiçik miqyaslı olanda fövqəladə vəziyyətin elan olunmasına ehtiyac qalmır: “Ona görə də sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zəruridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR