Politoloq: “BMT dünyada artıq mənasız qurum kimi qəbul olunur”

Qabil Hüseynli

© APA | Qabil Hüseynli

# 15 sentyabr 2022 11:43 (UTC +04:00)

“Bu gün BMT Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edəcək. Ancaq o da məlumdur ki, BMT İkinci Dünya Müharibəsindən sonra, xüsusilə son onilliklərdə dünyada baş vermiş heç bir münaqişənin ədalətli həllinə nail ola bilməyib”.

Bunu APA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Qabil Hüseynli deyib ki, BMT qlobal problemlərin həllində liderliyi öz üzərinə götürmək imkanında deyil: “BMT-nin artıq mənasız quruma çevrildiyi, dünyada gedən proseslərə təsir imkanının olmadığı, hər hansı problemi həll etməyə gücü çatmadığı birmənalı şəkildə vurğulanır. Prezident İlham Əliyev də BMT-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin 30 ilə yaxın müddətdə icra olunmadığını, lakin bəzi digər hallarda qətnamələrin qısa müddətdə yerinə yetirildiyini bildirərək, bunu ikili standartlar kimi qiymətləndirib. Azərbaycan Prezidenti BMT-də islahatların aparılmasının zəruriliyini vurğulayıb. BMT-nin qərarlarının icrasında ikili standartlar adi haldır və bu məsələdə böyük ölkələrin özəl maraqları həlledici amilə çevrilib. Reallıq göstərir ki, BMT dünyada artıq mənasız qurum kimi qəbul olunur, onun Təhlükəsizlik Şurası isə veto hüququ olan ölkələrin ambisiyalarından asılı vəziyyətə düşüb. Dünyada kolonial sistemin əsas simaları olan ölkələr BMT-nin bütün mexanizmlərini öz nəzarətlərində saxlayır, öz maraqlarına uyğun qərarların qəbul edilməsinə və onların icrasına çalışır”.

Politoloq qeyd edib ki, Azərbaycana münasibətdə təkcə BMT Təhlükəsizlik Şurasının qərarları deyil, hətta onun bəzi alt qurumlarının fəaliyyətində də ikili standartlar özünü açıq büruzə verir. Bu, YUNESCO-nun Azərbaycanın işğal altında olmuş ərazilərində, habelə Ermənistanda xalqımıza məxsus bütün milli-mədəni irsin məhv edilməsinə laqeyd münasibətdə özünü göstərir: “Digər tərəfdən, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ və Fransanın 30 il ərzində Ermənistanın işğalçılıq siyasətinə, beynəlxalq hüququn kobud şəkildə pozulmasına göz yumması, münaqişə həll edildikdən sonra ATƏT-in Minsk qrupu formatını saxlamaq cəhdləri, bu ölkələrin səfirlərinin Şuşaya səfər etməkdən imtina etməsi Azərbaycan ictimaiyyətini narahat edən, həm bu ölkələrə, həm də BMT Təhlükəsizlik Şurasına etimadsızlığını şərtləndirən əsas səbəblərdir. 30 il ərzində Azərbaycanın ərazi bütövlüyü haqqında növbətçi bəyanatlar səsləndirməklə işini bitmiş hesab edən ABŞ və Fransanın indi Ermənistanın ərazi bütövlüyü məsələsində xüsusi fəallığı Azərbaycan ictimaiyyəti üçün növbəti düşündürücü siqnaldır. Buna görə də Azərbaycan ictimaiyyəti dünyada nüfuzu sarsılmış, mənasız bir qurum olan, qərarları kağız üzərində qalan, ayrı-ayrı dövlətlərin siyasi ambisiyalarından asılı vəziyyətə düşən BMT-dən heç nə gözləmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR