Prezidentin xüsusi nümayəndəsi gələn il Qarabağda görüləcək işləri açıqlayıb

Emin Hüseynov

© APA | Emin Hüseynov

# 24 dekabr 2021 16:50 (UTC +04:00)

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov 2022-ci ildə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə görüləcək işləri açıqlayıb.

APA-nın məlumatına görə, Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, 2022-ci ildə azad olunmuş ərazilərdə son bir ildə başlanmış işlər qrafikə uyğun olaraq davam edəcək.

E. Hüseynov deyib ki, Əlaqələndirmə Qərargahı çərçivəsində fəaliyyət göstərən işçi qruplarının fəaliyyətinin əks olunduğu Strateji Fəaliyyət Planı var: “Bundan başqa, xüsusi Dövlət Proqramı hazırlanır, bu yaxınlarda yekunlaşacaq. Həmin Dövlət Proqramında əks olunan tədbirlər də gələn ildən həyata keçiriləcək. Bundan başqa, Azərbaycan-2030 Milli İnkişaf Prioritetləri sənədi var. Bu sənədlərdə göstərilən hədəflər və qaydalara uyğun olaraq dədə-baba torpaqlarına qayıdacaq insanların və bölgənin iqtisadiyyatının Azərbaycan iqtisadiyyatına reinteqrasiya olunması istiqamətində tədbirlər davam etdiriləcək”.

Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, artıq işğaldan azad edilmiş bəzi rayonların baş planları artıq təsdiq olunub: “Bura Ağdam, Füzuli, Cəbrayıl və Şuşa şəhərləri daxildir. Digər ərazilərdə bu işlər davam etdirilir. Böyük ehtimalla, növbəti ildə biz bu işlərin yekunlaşmasını gözləyirik. Eyni zamanda, paralel olaraq Qarabağın işğaldan azad olunmuş ərazilərində rayonlar, kəndlər üzrə layihələndirmə işləri davam edir. Eyni zamanda, ərazilərdə minalardan təmizlənmə prosesi davam edir və davam edəcək. Çünki həddindən çox çirklənmiş ərazilər var. O cümlədən həm Qarabağ, həm Şərqi Zəngəzur iqtisadi rayonunda infrastruktur layihələri – 10-dan artıq avtomobil yolunun tikintisi davam edir. Sözsüz ki, Zəngəzur dəhlizi, dəmir yolu ilə bağlı layihələr də 2022-ci ildə öz qrafikinə uyğun həyata keçirilməkdə davam edəcək. Elektrik təchizatı ilə bağlı işlər demək olar ki, bu il yekunlaşdı. Demək olar ki, bölgədə əsasən bütün yarımstansiyalar tikilib. Sonuncu olaraq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tamamlandı”.

O qeyd edib ki, məcburi köçkünlərin torpaqlarına qayıtması üçün tələb olunan həm fiziki, həm sosial, həm də iqtisadi infrastrukturun yaradılması prosesinə başlanılıb: “Söhbət burada ilk növbədə iş yerlərindən gedir. Bu istiqamətdə başlanılmış işlər davam edəcək. Yaşayış massivlərinin salınması, kənd təsərrüfatı, sənaye və digər ənənəvi sahələrdə iş yerlərinin yaradılması ilə əlaqədar iş adamları və investorlarla layihələr həyata keçiriləcək. Eyni zamanda, ənənəvi sahələrlə yanaşı yeni innovativ, rəqəmsal iqtisadi fəaliyyət sahələrində kiçik və orta biznesin nümayəndələri, startaplar üçün şərait yaradılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR