“Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” mövzusunda konfrans keçirilib - FOTO

YAP tədbir

© APA | YAP tədbir

# 24 dekabr 2021 11:44 (UTC +04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” mövzusunda elmi-praktik konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbirin moderatoru YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev olub.

S. Vəliyev bildirib ki, dünyada baş verən proseslər dövlətlərin idarəetməsinin nə dərəcədə dayanıqlı olduğunu üzə çıxarıb.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini–Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan dünyada dayanıqlı, dinamik inkişafa malik olan, etibarlı, nüfuzlu ölkə kimi tanınır: “Prezident İlham Əliyevin Heydər Əliyev kursunu uğurla davam etdirməsi qazandığımız nailiyyətləri şərtləndirir. Ən böyük uğurumuz tarixi Zəfər, ərazi bütövlüyümüzə nail olmağımızdır. Həyata keçirilən işlər Azərbaycana ərazi bütövlüyünün bərpası üçün imkanlar yaradıb və son sözü Ordumuz deyib”

T. Budaqov işğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni abidələrin bərpası, zəngin mədəni irsin yaşadılmasında Heydər Əliyev Fondu və Birinci vitse-prezident Mehriban Əliyevanın rolunu vurğulayıb.

“İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış Proqramı” mövzusunda çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çox möhtəşəm günlər yaşadığımızı vurğulayıb: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə igidlərimiz tarixi Zəfər qazandı. 21-ci əsrin ən möhtəşəm liderlərindən biri olan Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edirik. Bu qələbə Azərbaycan üçün yeni perspektivlər yaratdı”.

Prezidentin xüsusi nümayəndəsi nəzərə çatdırıb ki, 30 il ərzində düşmənin torpaqlarımızda törətdiyi vandalizmin misli yoxdur: “Bu vandalizmin fəsadlarını aradan qaldırmaq üçün uzun illər tələb olunacaq. Ağdam, Füzuli və Cəbrayıl rayonlarında mina və partlamamış sursatlarla çirklənmə elə səviyyədədir ki, dünyada bunun analoqu yoxdur”.

“Azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf perspektivləri və innovativ yanaşmalar” mövzusunda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov azad olunmuş ərazilərlə ekoloji terror törədildiyini vurğulayıb.

Nazir nəzərə çatdırıb ki, qlobal iqlim dəyişikliyi, şoranlaşma, su çatışmazlığı böyük torpaq ərazilərinin dövriyyədən çıxmasına səbəb olur: “Ona görə də nazirlik innovasiyaların tətbiqini qarşıya məqsəd qoyub və azad edilmiş ərazilərdə də innovasiyaların tətbiqi əsas elementə çevrilib. Yeni ərazilərin daxil edilməsi əkin dövriyyəsini artırmış olacaq. Azad olunmuş ərazilərdə quruculuq işləri “ağıllı kənd” və “ağıllı şəhər” Prinsipi əsasında aparılır”.

“Azərbaycan təhsili: yeni çağırışlar, perspektivlər” mövzusunda çıxış edən təhsil naziri Emin Əmrullayev istər Şuşa şəhərində tikintisinə başlanan məktəb, istər Ağdam və Cəbrayılda məktəblərin layihələndirilməsinin çox vacib olduğunu söyləyib.

“Rəqəmsal inkişaf dövründə Qarabağın yeni infrastrukturu” mövzusunda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev nəzərə çatdırıb ki, vahid nəqliyyat və logistika konsepsiyası hazırlanır.

“Azərbaycan iqtisadiyyatı və yenidən dirçələn Qarabağ” mövzusunda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov azad edilmiş ərazilərdə aparılacaq quruculuq işləri üçün ilk növbədə maliyyə vəsaiti lazımdır.

Nazir müavini nəzərə çatdırıb ki, 2022-2026 Sosial İnkişaf Strategiyanın layihəsi hazırlanıb: “Yeni iqtisadi inkişaf strategiyası bütün sahələrdə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsini, insan kapitalının davamlı inkişafını nəzərdə tutur. Strategiyanın həyata keçirilməsi nəticəsində ÜDM-in 2022-2026-cı illərdə 3,9 faiz, qeyri-neft sektorunun 5 faiz artacaq, adambaşına düşən ÜDM 6 min dolları ötərək 1, 3 dəfə artırılması təmin olunacaq”.

S. Ələkbərov azad olunmuş ərazilərə əhalinin könüllü, ləyaqətli qayıdışının təmin edilməsi üçün araşdırma işlərinin aparılmalı olduğunu vurğulayıb: “Ən böyük təyyarələri belə qəbul edən Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. İşğaldan azad edilmiş ərazilərin 2022-2026-cı illərdə Dayanıqlı İnkişafı Proqramı hazırlanaraq təqdim olunub”.

“Qarabağa qayıdış: Biznes üçün yeni imkanlar və perspektivlər” mövzusunda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Prezidentin bu günlərdə imzaladığı müvafiq fərmana uyğun olaraq vergi və gömrük güzəştlərinin tətbiqi ilə bağlı tapşırıq verilib: “Böyük Qələbədən sonra yerli və xarici sahibkarlardan təkliflər daxil olub və Agentliyimizdə reyestr formalaşıb”.

O. Məmmədov azad edilmiş ərazilərdə layihələrin həyata keçirilməsi barədə müraciət edən yerli və xarici şirkətlər barədə məlumatlar verib.

“Zirvədən dirçəlişə: Tarixi qələbədən sonra yeni yaranan reallıq” mövzusunda çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev indiyə qədər Fonda 100 milyonlarla manat ianə edildiyini söyləyib.

Tədbir panellərlə davam edib. Tədbirin sonunda Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Müraciətdə qeyd olunub ki, Zəfər günü əsl qəhrəmanlıq salnaməsidir: “Biz konfrans iştirakçıları olaraq Qələbəni bizə bəxş etdiyiniz üçün Sizə təşəkkür edirik. Hər bir azərbaycanlı öz lideri ilə fəxr edir. Əminik ki, Sizin müdrik rəhbərliyinizlə xalqımız və dövlətimiz yeni uğurlar qazanacaq. Sizə və Mehriban xanım Əliyevaya uğurlar, can sağlığı arzulayırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR