Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan qanunları ilə yaşaması istiqamətdə ilk addımın atılması müsbət haldır - RƏY

Vüqar İskəndərov

© APA | Vüqar İskəndərov

# 01 mart 2023 16:16 (UTC +04:00)

“Azərbaycan düşünülmüş və nəticəyə hesablanan siyasət həyata keçirir. Bu siyasət isə hər zaman ölkəmizə uğur gətirir. Biz bun u 44 günlük Vətən müharibəsi zamanı da gördük”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O, qeyd edib ki, müharibədən qalib ayrılan Azərbaycan bu uğurlarını diplomatiya meydanında da davam etdirir.

Deputatın sözlərinə görə, hazırda regionda əbədi sülhün əldə edilməsi istiqamətində mühüm addımlar atılır: “Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında qeyd etmişdi ki, normallaşma prosesi iki istiqamət üzrə inkişaf etdirilir. Bunlardan birincisi odur ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam etdirilir. Yəni tərəflər arasında təmas mövcuddur, sənədlərin mübadiləsi həyata keçirilir”.

Deputat qeyd edib ki, ikinci istiqamət Azərbaycan vətəndaşları olan ermənilərlə təmasları əhatə edir: “Bəyan edilmişdi ki, Ruben Vardanyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazini tərk etdikdən sonra orada yaşayan və öz vətəndaşlarımız olan erməni sakinlərlə təmaslara başlanacaq. Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar davam etdiriləcək. Qarabağ bölgəsində yaşayan erməni sakinlər də Azərbaycan qanunları ilə yaşamalıdırlar və bu istiqamətdə ilk addımın atılması müsbət hal kimi qiymətləndirilməlidir.

Beləliklə, martın 1-də keçirilmiş görüş məhz daxili gündəliyin tərkib hissəsi olan həmin təmasın təzahürüdür. Hesab edirəm ki, burada bir məqamın üzərində xüsusi olaraq dayanmalıyıq. Söhbət Azərbaycana qarşı təzyiq cəhdlərinin növbəti dəfə puç olmasından gedir. Yəni, bir daha göründü ki, xarici media və QHT də cəlb olunmaqla son dövrlər Azərbaycana qarşı təşkil olunmuş kampaniya heç bir nəticə vermədi və iflasa uğradı”.

Deputat məsələnin başqa bir tərəfinə də açıqlama gətirib: “Təəssüflər olsun ki, bəziləri hazırkı təmasın Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycana səfəri ilə əlaqələndirirlər. Lakin bunun hazırda keçirilən görüşlə heç bir əlaqəsi yoxdur. Çünki bu, əvvəldən planlaşdırılmışdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR