Qarabağda yaşayan ermənilər üçün üçüncü yol yoxdur - RƏY

Aqil Məmmədov, Ceyhun Məmmədov

© APA | Aqil Məmmədov, Ceyhun Məmmədov

# 28 mart 2023 15:10 (UTC +04:00)

“Artıq bir neçə dəfədir Azərbaycan Respublikası Prezident Administrasiyası Qarabağda yaşayan ermənilərə xəbərdarlıq edib”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat deyib ki, martın 1-də Qarabağdakı erməni ictimaiyyətinin nümayəndələri ilə ilk görüş keçirilib: “Sonrakı dövrdə martın 13-də çağırış edildi, Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin nümayəndələrini reinteqrasiya və infrastruktur məsələləri ətrafında müzakirə aparmaq üçün Bakıya dəvət etdi. Növbəti çağırış da martın 27-də edildi, Azərbaycan tərəfi növbəti dəfə konstruktiv mövqe nümayiş etdirərək Qarabağda yaşayan ermənilərin nümayəndələrini reinteqrasiya və infrastruktur məsələləri ətrafında müzakirə aparmaq üçün ikinci dəfə Bakıya dəvət etdi. Ancaq bu dəvətə hələ cavab verilməyib. Qarabağ separatçıları ötən dəfəki görüşdə humanitar aksiyanın dayandırılması və Qarabağın tərəf kimi qəbul edilməsi tələbini irəli sürüblər. Əlbəttə, bu, Azərbaycan üçün birmənalı olaraq qəbuledilməzdir. Azərbaycan belə bir şərti qəbul edə bilməz. Azərbaycanın bu çağırışları onu göstərir ki, Azərbaycan öz mövqeyinə sadiq olaraq Ermənistanla münasibətlərin normallaşdırılmasına, eləcə də Qarabağda yaşayan ermənilərlə təmasların qurulmasına çalışır. Yəni Azərbaycan əvvəlki dövrdə törədilən bütün təxribatları kənara qoyaraq, normal münasibətin qurulması üçün üzərinə düşən işləri görür və addımları atır. Amma təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan tərəfi, eləcə də Qarabağdakı separatçılar bu çağırışlara reaksiya vermirlər və konstruktiv mövqe nümayiş etdirmirlər. Bu, özünü artıq bir neçə dəfədir açıq şəkildə göstərir. Yəni heç bir reaksiyanın verilməməsi, təxribatların törədilməsi də onu göstərir ki, Ermənistan tərəfi, eləcə də Qarabağ erməniləri əlaqələrin inkişafında və münasibətlərin normallaşmasında maraqlı deyillər. Eyni zamanda bu, onların nəticə çıxarmadığını açıq şəkildə göstərir. Qarabağda yaşayan ermənilər anlamalıdır ki, onların iki yolu var. Ya onlar Azərbaycanın idarəetməsini qəbul edib, reintqrasiya olmalı, ya da bu ərazini tərk etməlidirlər. Burada başqa üçüncü yol yoxdur. Azərbaycan bununla bağlı mövqeyini artıq bir neçə dəfədir ki, açıqlayıb”.

Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, Azərbaycan tərəfi öz mövqeyinə sadiq qalaraq həm Ermənistanla münasibətlərin normallaşdırılnası istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirir, həm də Qarabağ erməniləri ilə birbaşa təmaslar qurmağa çalışır. Lakin erməni tərəfi öz ənənəsinə sadiq qalaraq Azərbaycanın son təklifini də cavabsız qoyub: “Bu, həm Ermənistanın, həm də Qarabağda yaşayan ermənilərin gündəlikdə olan məsələlərə, təmasların inkişafına qeyri-konstruktiv münasibətini nümayiş etdirməklə yanaşı, həm də mövcud vəziyyətdən nəticə çıxarmadıqlarını göstərir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, onların başqa çıxış yolu yoxdur. Ya təmasları davam etdirərək, bu məsələdə konstruktivlik nümayiş etdirərək reinteqrasiya prosesini qəbul etdirməlidirlər, ya da ərazini tərk etməlidirlər. Mövcud durumun perspektivi və məsələnin həlli üçün üçüncü yol yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR