Qüdrət Həsənquliyev: “Ələt Azad İqtisadi Zonası haqqında” qanunda Konstitusiyaya zidd müddəalar var”

Qüdrət Həsənquliyev

© APA | Qüdrət Həsənquliyev

# 27 may 2022 12:57 (UTC +04:00)

“Bizim qanunlarımız Konstitusiyaya zidd olmamalıdır. Prezident İlham Əliyev də VI çağırış Milli Məclisin açılış nitqində demişdi ki, Milli Məclisdən daha keyfiyyətli qanunlar gözləyir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ələt Azad İqtisadi Zonası haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, “Ələt Azad iqtisadi zonası haqqında” qanunda da Konstitusiyaya zidd müddəalar var: “Ələt Azad İqtisadi Zonasında belə güzəştlər ediriksə, ixracı stimullaşdıra bilərik. Hansı məsələlər sahibkarların xeyrinədirsə, biz bütün sahibkarlar üçün bu güzəştləri etməliyik. Konstitusiyanın 71-ci maddəsinin 7-ci hissəsi bu qanun layihəsi ilə ziddiyyət təşkil edir, məhkəmələrin həll etdiyi məsələ qanunda Azad İqtisadi Zonanın səlahiyyətinə verilir. Ələt Azad İqtisadi Zonasında fərqli hüquqi tənzimləmə tətbiq oluna biləcəyi qanunda yer alır. Amma bu, Milli Məclisin səlahiyyətinə aid olan məsələlərdir. Vergiləri, gömrük rüsumlarını Milli Məclis təyin edə bilər, başqa dövlət qurumu vergi, gömrük rüsumu tətbiq edə bilməz. Aksiz dərəcələrini biz qanunla müəyyən etməliyik, amma bu, Vergi Məcəlləsinə daxil edilib. Komitə iclasında iştirak edən Vergi Xidmətinin nümayəndəsi Samirə xanım bunu əsaslandırmağa çalışdı. Təəssüf ki, o, Konstitusiyaya zidd olan bu maddəni Konstitusiyaya zidd olan digər maddə ilə əsaslandırmaq istədi. Bu qanunlar ekspertizadan keçirilməlidir. Prezidentə təşəkkür edirəm ki, bizim burada qaldırdığımız bir məsələni həyata keçirdi, Hüquq Ekspertiza Mərkəzinin yaradılması barədə sərəncam imzaladı. Milli Məclisin Aparatının rəhbəri də orada təmsil olunur. Düşünürəm ki, Milli Məclisə gələn bütün qanun layihələri ekspertizadan keçirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR