Reza Deqati: Çox müharibə görmüşdüm, Xocalıda gördüklərim heç biri ilə müqayisə edilmir - FOTO

Reza Deqati: Çox müharibə görmüşdüm, Xocalıda gördüklərim heç biri ilə müqayisə edilmir  - FOTO
# 24 fevral 2023 11:55 (UTC +04:00)

“Mən Xocalı faciəsinə qədər çox müharibə görmüşdüm, ondan sonra da çoxunu görmüşəm, amma Xocalı faciəsində gördüklərim heç biri ilə müqayisə edilmir”.

APA xəbər verir ki, bunu Xocalı soyqırımının ildönümünə həsr edilmiş tədbirdə tanınmış fotoqraf Reza Deqati deyib.

O, gənclərlə çəkdiyi fotolarla bağlı xatirələrini, qarşılaşdığı çətinlikləri bölüşüb:

"Xocalı faciəsini eşidəndə özümü Ağdama çatdırdım. İnsanlar pərişan, gərgin halda idilər. Mən onlarla söhbət etməyə çalışırdım. 1992-ci ildə rahat foto çəkmək üçün də imkan yox idi. Lakin insanlar öz hekayələrini danışdıqca mən, onların şəklini çəkir, ağrı-acılarını lentə köçürürdüm".

Reza Deqati dünyada Xocalı soyqırımının simvollarından birinə çevrilmiş haray çəkən ana fotosunun tarixini danışıb:

"Bu ana çox ürəkli qadın idi. Hamıya dəstək olurdu. O, oğlunu və ərini axtarırdı. Bir dəfə gördüm ki, məni haraylayır: "Gəl, oğlum, gəl! Tapdım, gözləri yoxdur". Bu çox sarsıdıcı mənzərə idi".

Fotoqraf qeyd edib ki, bu fotoya görə, ermənilər onu yalan informasiya yaymaqda günahlandıraraq Fransada məhkəməyə veriblər:

"Fransada, demokratiyanın göbəyi olan ölkədə sərgidə Xocalı soyqırımının simvoluna çevrilmiş bu şəklə görə, məni ermənilər yalan məlumat yaymaqda günahlandıraraq məhkəməyə vermişdilər. Mən həmin vaxt hakimə məktub yazıb bildirdim ki, Xocalıya aid çəkdiyim digər şəkillərlə gələcəyəm, həmçinin təşəkkürümü bildirdim ki, Xocalı faciəsinə aid digər şəkilləri də təqdim etməyim üçün imkan yaradılmış olacaq. 24 saat sonra ermənilərin iddialarını geri çəkdiklərinə dair məktub gəldi. Sonra mən bildim ki, ermənilər sərgidəki həmin şəkli cırıblar. Şəklin yenisini verməyimi xahiş etdilər, lakin etiraz etdim ki, elə belə də qalsın. Bu hadisədən sonra qərara gəldim ki, www.KhojalyWitness.org saytını yaradım və bütün şəkilləri orada cəmləşdirim".

Fotoqraf ermənilərin törətdiyi cinayətlərdən danışarkən şəhidlərin snayperlə vurulmuş olduğunu xatırlayıb:

"1992-ci ildə şəhidlərin çoxunu başlarından snayperlə vurmuşdular. Füzulidə Teymur adında gənc oğlanın snayperlə vurulduğunu gördüm".

Reza Deqati xatırladıb ki, o, Vətən müharibəsindən sonra azad olunmuş yerlərə gedən ilk jurnalist olub:

"Vaxtilə azərbaycanlıların faciəsini lentə aldığım yerlərə torpaqlar işğaldan azad olunandan sonra təkrar getdim. 2020-ci ildəki vəziyyəti lentə aldım. İndiyə qədər 40-dan çox kitabımda, sərgilərdə daima Xocalı soyqırımını dünyaya çatdırmağa çalışmışam və buna da davam edirəm".

Qeyd edək ki, "Xocalıya Ədalət” kampaniyası çərçivəsində “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə dünyaca məşhur Azərbaycanlı fotoqraf Reza Deqati ilə görüş keçirilib. Deqati, 20 yanvar hadisələrini, o cümlədən Xocalı soyqırımının şahidlərini, eləcə də şəhidlərini çəkməyə müvəffəq olub. Bundan başqa müharibə gedən digər bölgələrdə Şuşa, Zəngilan, Cəbrayılda baş verən hadisələri də fotoaparatın yaddaşına köçürüb. Müharibədən sonra da məcburi köçkünlərlə görüşüb, onların da şəkillərini çəkib. Bundan sonra isə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində sərgilər təşkil edib.

Görüş interaktiv şəkildə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR