Seçkilərdə 2 dəfə iştirak etməyən siyasi partiyalar ləğv ediləcək

Seçkilərdə 2 dəfə iştirak etməyən siyasi partiyalar ləğv ediləcək
# 07 sentyabr 2022 15:16 (UTC +04:00)

Siyasi partiyanın hansı hallarda ləğv ediləcəyi müəyyənləşir.

APA xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Siyasi partiya bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda siyasi partiya qurultayının və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər.

Siyasi partiyanın ləğvi barədə siyasi partiyanın qurultayının qərarı siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmuş qaydada qəbul edilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırır:

- siyasi partiya bu Qanunun 4.3-cü maddəsinin tələblərini pozduqda (Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi, terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği, irqi, dini və ya etnik düşmənçiliyin salınması);

- bu Qanunda nəzərdə tutulmuş hallarda;

- fəaliyyəti dayandırılmış siyasi partiya bu Qanunun tələblərini pozduqda;

- Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə.

Siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsinin qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq qəbul edilir.

Siyasi partiyanın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi tarixdən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.

Siyasi partiyanın ləğvi ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Qeyd edək ki, qüvvədə olan qanuna (Maddə 16) əsasən, siyasi partiya siyasi partiyanın qurultayının siyasi partiyanın ləğvi barədə qərarı və ya məhkəmənin qərarı əsasında ləğv edilir. Siyasi partiyanın ləğvi barədə siyasi partiyanın qurultayının qərarı siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmuş qaydada qəbul edilir. Bu Qanunun 4-cü maddəsinin dördüncü hissəsi istisna olmaqla, siyasi partiya Azərbaycan Respublikasının qanunlarının tələblərini pozduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən siyasi partiyaya əsaslandırılmış yazılı xəbərdarlıq edilir. Müvafiq icra hakimiyyəti orqanı siyasi partiyanın qanunla müəyyən edilmiş məsuliyyətə cəlb edilməsi barədə aşağıdakı hallarda məhkəməyə müraciət edir:

- siyasi partiya bu Qanunun 4-cü maddəsinin dördüncü hissəsində (Məqsədi və ya fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıqla dəyişdirməyə, ərazi bütövlüyünü pozmağa, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməyə, irqi, milli və dini ədavəti qızışdırmağa yönəlmiş siyasi partiyaların yaradılmasına və fəaliyyətinə yol verilmir) nəzərdə tutulmuş hərəkətlərə yol verdikdə ;

- bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş xəbərdarlıqda (siyasi partiya Azərbaycan Respublikasının qanunlarının tələblərini pozduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən siyasi partiyaya əsaslandırılmış yazılı xəbərdarlıq edilir) göstərilmiş hallar siyasi partiya tərəfindən aradan qaldırılmadıqda.

- Hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək dayandırıla bilər.

- Siyasi partiyanın ləğvi barədə məhkəmə qərarı müvafiq icra hakimiyyəti orqanının ərizəsi əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq qəbul edilir.

- Siyasi partiya ləğv edildikdə onun kreditorlarının tələbləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ödənilir.

- Ləğv edilmiş siyasi partiyanın adından çıxış etmək və ya fəaliyyət göstərmək, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak etmək qadağandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR