Şəhidlər xiyabanında da Xocalı abidəsi qoyulması təklif olunub

Şəhidlər xiyabanında da Xocalı abidəsi qoyulması təklif olunub
# 25 fevral 2022 12:01 (UTC +04:00)

“Xocalı soyqırımını törədənlərin məqsədi Xocalını zəbt etməklə yanaşı, xalqımızın gözünü qorxutmaq idi”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, bu qətliam təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı cinayət, insanlığa qarşı təhqir, vəhşi vandalizm, kütləvi qırğın aktıdır: “Xocalı soyqırımı həm də, erməni daşnak faşizminin mahiyyətidir, sübutudur, güzgüsüdür. Bu qətliamdan 30 il keçsə də, xalqımızın Xocalı yarasının qanı qurumayıb, ağrısı azalmayıb. Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi istiqamətində təşəbbüsləri yorulmadan davam etdirməliyik”.

Deputat qeyd edib ki, soyqırım törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin tutulub Azərbaycana gətirilməsi və ən sərt şəkildə cəzalandırılması təmin olunmalıdır: “Ermənistan hökumətindən Xocalı soyqırımına görə soyqırım qurbanlarının ailə üzvlərindən və Azərbaycan dövlətindən rəsmi üzr istənilməsi, belə cinayətlərin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş maddi və mənəvi ziyana görə tam olaraq kompensasiyanın ödənilməsi tələb olunmalı, bu, sülh müqaviləsinin şərtlərindən biri kimi nəzərdə tutulmalıdır. Xocalını işğaldan azad etmək, Xocalıya qayıtmaq, Xocalını yenidən bərpa edərək, muzey-xatirə komleksi qurulmuş bir şəhərə çevirməliyik ki, bütün dünya görk və ibrət alsın, belə faciələrin baş verməməsi üçün sağlam qüvvələr səfərbər olunsun.

Əminəm ki, biz bunları edəcəyik, birlikdə edəcəyik, yaxın zamanlarda edəcəyik.

Təəssüf ki, Xocalı qatilləri bu işıqlı dünyada hələ də əl-qollarını sallayıb rahatca gəzirlər. Bu qisası özümüz almalıyıq, bu cəzanı özümüz verməliyik. Vaxt yetişib.

Biz Xocalı cəlladlarının cəzasını elə verməliyik ki, Ermənistandakı revanşist qüvvələr birdəfəlik anlasınlar: Azərbaycan xalqı ilə zarafat etmək onların başları üçün deyil. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı və Ordusu növbəti yürüşünü Xocalıda edəcək. Bu, qaliblərin ədalət yürüşü olacaq”.

Deputat Qənirə Paşayeva bildirib ki, xalqımız üçün ən əsas məsələlərdən biri Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsidir.

O qeyd edib ki, Xocalı soyqırımında şəhid olanların ruhu o zaman dinclik tapacaq ki, bu qırğını törədənlər ədalət qarşısında cavab verəcək: “Biz Xocalıya qayıdacağıq. Biz buna inanırıq. Artıq Şuşada biz bunu etmişik. Xocalıda da Azərbaycan bayrağı dalğalanacaq. Bu dəhşətli soyqırım modern dünyanın utancıdır. Bu həqiqətlərin dünyaya çatdırılmasında o zaman orada fəaliyyət göstərən jurnalistlərin çəkdiyi görüntülərin böyük rolu olur”.

Deputat təklif edib ki, Şəhidlər xiyabanında da Xocalı soyqırımı ilə bağlı abidə ucaldılsın: “Protokola əsasən, gələn qonaqlar Şəhidlər xiyabanını ziyarət edir. Belə abidənin orada olması gələnlərin daha çox məlumat almasına səbəb olar”.

Deputat Fəzail Ağamalının sözlərinə görə, bizim ruhumuz o zaman sakitlik tapacaq ki, Xocalı soyqırımını törədənlər, layiqli cəzasını alacaq: “Biz Vətən müharibəsində erməniləri məğlub etdik, sındırdıq. Amma Xocalı qətlimanını törədənlər bizə təhvil verilməlidir. Bu da İnterpol xətti ilə edilə bilər. Bunun üçün işlər illərdir gedir. Amma İnterpolun mərkəzi ofisi Fransada yerləşir. Buna görə də Xocalı cəlladlarının bizə təslim edilməsi üçün əlavə addımları nəzərdə keçirməliyik”.

Deputat eyni zamanda həmkarlarının təkliflərinə qoşularaq Xocalı ilə bağlı əlavə parkın və ümumiyyətlə deportasiyaya məruz qalan azərbaycanlılar üçün xüsusi xatirə kompleksinin yaradılmasına ehtiyac olduğunu vurğulayıb.

Deputat Cavid Osmanov tarixdə bir çox soyqırımların törədildiyini, Xocalının isə xüsusi qəddarlığı ilə seçilən etnik təmizləmə, soyqırımı olduğunu diqqətə çatdırıb.

O bildirib ki, ölkədə xaosun baş alıb getməsi o zaman dünya ictimaiyyətinin diqqətinin Xocalı soyqırımına yönəldilməsinə mane olub: “44 günlük Vətən müharibəsində Azərbaycan zəfər qazandı. Həmin vaxt Xocalı soyqırımını təşkil edənlər döyüş meydanından qaçdılar. Onların başqa yolu da qalmadı. İnanırıq ki, Vətən müharibəsində qaçıb gizlənənlər - Sarkisyanlar, Koçaryanlar beynəlxalq ictimaiyyət tərəfindən qınanılacaq, soyqırımının təşkilatçıları və icraçıları layiqli cəzalarını alacaq”.

Deputat Aydın Hüseynov isə qeyd edib ki, Xocalını soyqırım kimi tanımaq bəşəriyyətin bu qanı yuması demək olardı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR