“Siyasi partiyalar haqqında” qanun layihəsinin ilkin variantına dəyişikliklərin səbəbi açıqlanıb

Əli Hüseynli, Milli Məclis sədrinin birinci müavini

© APA | Əli Hüseynli, Milli Məclis sədrinin birinci müavini

# 23 noyabr 2022 13:51 (UTC +04:00)

“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantına ümumilikdə 66 düzəliş edilib. Bura texniki düzəlişlər də daxildir. Düzəlişlər həm mahiyyət, həm də texniki baxımdan olub”.

APA-nın xəbərinə görə, bunu bu gün “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı Milli Məclisdə keçirilən mətbuat konfransında parlament sədrinin birinci müavini Əli Hüseynli deyib.

Əli Hüseynli qeyd edib ki, qanun layihəsinin ictimai müzakirələrində həm parlamentdə təmsil olunan, həm olunmayan partiyalar iştirak edib: “Əlbəttə ki, qanun layihəsi siyasi partiyaların daha səmərəli fəaliyyət göstərməsi məqsədi daşıyırdı. Bu baxımdan yeni qanun layihəsi hazırlandı. Qeyd etdiyim bu dəyişikliklər nədən meydana çıxdı?! Əsas təkliflər daha çox rəqəmlərə yönəlmişdi. Bir sıra təkliflər var idi ki, bir sıra məsələlərdə zaman çoxalsın, bir sıra hallarda zaman azaldılsın. Yəni burada partiyaların təsis edilməsi, ləğv edilməsi, qeydiyyatdan keçməsi, reyestrdən keçməsi və s. üçün müddətlərlə bağlı düzəlişlər edilib. Ümumilikdə, qanun layihəsinə münasibət pozitivdir. Parlamentdə təmsil olunan bir partiya xaric, digərlərinin nümayəndələri plenar iclasda layihəyə səsə verəcəyini bildirdi. Layihə birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib”.

Əli Hüseynli nəzərə çatdırıb ki, layihədən partiya təsisçilərinin 20 il ölkədə daimi yaşamasına dair tələb çıxarılıb: “Müzakirələr zamanı bunu hüquqi əsaslandırmağa çalışırdılar. Hüquqşünaslar üçün bunun heç bir hüquqi əsası yoxdur. Bu maddənin salınmasına yanaşma xarici təhdidlərlə bağlı idi. Daha çox Azərbaycan reallıqlarını bilən, Azərbaycanda daimi yaşayan şəxslərin partiya rəhbərliyində təmsil olunması fikrinə görə 20 il fikri ortaya çıxmışdı. Konstitusiya ilə bunun heç bir aidiyyəti yoxdur. Çünki bunu Konstitusiyada 10 illə əlaqələndirməyə çalışırdılar. Amma bu, sadəcə siyasi yanaşma idi. Hamı bu maddəyə qarşı çıxırdı. Ona görə də o maddəni layihədən tamamilə çıxardıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR