“Siyasi partiyalar haqqında” qanun layihəsinin yenilənmiş variantında təkliflər nəzərə alınıb - RƏY

Milli Məclis

© APA | Milli Məclis

# 23 noyabr 2022 12:46 (UTC +04:00)

“Azərbaycanda məqsəd çoxpartiyalı sistem yaratmaqdır. Hazırda Azərbaycanda 50-dən çox siyasi partiya var”.

APA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Ziyafət Əsgərov bildirib ki, siyasi partiyaların rolu cəmiyyətdə artmalıdır: “Bu gün Avropada seçkilərdə iştirak etməyən siyasi partiyaların fəaliyyətinə xitam verilir. Amma görün belə demokratik müddəanın bura salınmasına partiyalar razıdırmı? Partiyalara dövlət büdcəsindən maliyyə yardımı məsələsini dedilər. Maliyyə yardımının 40 faizi parlamentdə təmsil olunan partiyalar arasında, 50 faizi isə parlamentdə təmsil olunan partiyaların deputatlarının sayına görə bölünür. Dövlət qulluqçularının siyasi partiyaların üzvü olmaması ilə bağlı Qüdrət Həsənquliyevun söylədiklərinə gəlincə, mən məntiqi başa düşə bilmədim. Dövlət qulluqçusu niyə siyasi partiya üzvü olmasın?! Dövlət qulluqçusunun da birləşmək hüququ var”.

Deputat Ceyhun Məmmədov qeyd edib ki, qanunun müzakirəsi çox elmi, konstruktiv və professional şəkildə həyata keçirilib, müzakirələrdə siyasi partiyalar və QHT-lər fəal iştirak ediblər: “Bu gün Azərbaycanda siyasi partiyalar münasibət dövlət səviyyəsində yüksək səviyyədədir. Əvvəlki layihədə ən çox tənqid olunan müddəalar çıxarılıb. Təsisçilərlə bağlı 20 il ölkədə yaşamaq tələbi də artıq yoxdur, üzvlərin sayı ilə bağlı tələb iki dəfə azaldılıb. Bu gün Azərbaycan Vətən müharibəsində qələbədən sonra yeni mərhələyə qədəm qoyub. Müzakirələr müzakirə xətrinə deyil, real əməkdaşlıq məqsədilə aparılırdı. Yenilənmiş variantda ictimai müzakirələr zamanı irəli sürülmüş təkliflər nəzərə alınıb. Qanun Azərbaycanda siyasi mədəniyyətinin güclənməsinə, insan hüquq və azadlıqlarının təmin olunmasına ciddi töhfə verəcək".

Deputat Elman Nəsirov hesab edir ki, bu qanun layihəsi ətrafında bu qədər fikirlərin olması demokratiyanın təzahürüdür: “Konseptual məsələlərdə heç kimdə fikir ayrılığı olmamalıdır. Bu qanun layihəsi 20 qabaqcıl Avropa ölkəsinin qanunları nəzərə alınaraq hazırlanıb. Qanun layihəsində ümumiyyətlə, yaş senzi yoxdur, halbuki prezident olmaq istəyən şəxs üçün 35 yaş, ali təhsil senzi də var. Bu layihə ilə bağlı müxalif siyasi fikirlər kifayət qədər azalıb”.

Elman Nəsirov nəzərə çatdırıb ki, bu gün Azərbaycanda 58 siyasi partiya var, amma o, ardıcıl cəmi 11 siyasi partiya adı saya bilər: “Partiya sədrləri yadıma düşdü, amma siyasi partiyaların adı yadıma düşmədi. Bu məntiqlə əsas məsələ siyasi partiya olması deyil, siyasi partiyanın vətəndaşların siyasi iradəsini ifadə etmək üçün gücə malik olmasıdır. Siyasi partiyada bu potensial, ictimai fikrə təsir imkanları varsa, bu qanun o partiyaların xoşuna gələcək. Hazırkı vəziyyətdə bu qanun kifayət qədər təkmildir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR