Siyasi partiyanın təsisi üçün üzvlük tələbi 10 dəfə artırılır

Siyasi partiyanın təsisi üçün üzvlük tələbi 10 dəfə artırılır
# 07 sentyabr 2022 15:15 (UTC +04:00)

Azərbaycanda siyasi partiyanın təsis edilməsinə dair yeni tələblər müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin ilkin variantında əksini tapıb.

Layihəyə əsasən, siyasi partiya Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir.

Siyasi partiyanın təsis edilməsi məqsədilə təsisçilər təsis yığıncağını keçirirlər. Təsisçilərin siyasi partiyanın təsis yığıncağında nümayəndə vasitəsilə iştirakına yol verilmir. Təsis yığıncağında siyasi partiyanın nizamnaməsi və proqramı qəbul olunur, təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxs müəyyən edilir. Siyasi partiyanın nizamnaməsində və proqramında çatışmazlıqlar aşkarlanarsa təsis yığıncağında həmin sənədlərdə müvafiq dəyişikliklər edilir. Siyasi partiyanın təsis yığıncağının nəticələri protokolla rəsmiləşdirilir. Təsis yığıncağının protokolunda, o cümlədən təsisçilərin və səlahiyyətli şəxsin adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı və əlaqə telefon nömrəsi göstərilir.

Təsis yığıncağının keçirildiyi tarixdən 30 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ərizə ilə müraciət edərək təsis yığıncağının protokolunu, partiyanın nizamnaməsini və proqramını təqdim edir.

Ərizə siyasi partiyanın səlahiyyətli şəxsi və digər təsisçilər tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ərizənin daxil olduğu tarixdən 30 gün müddətində sənədlərin qanunun tələblərinə uyğunluğunu yoxlayır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, ərizənin daxil olduğu tarixdən 15 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı siyasi partiyanın səlahiyyətli şəxsinə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, həmçinin bu qanunun tələbinə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir.

Bu Qanunda nəzərdə tutulmuş məlumat daxil olduqdan sonra siyasi partiyanın səlahiyyətli şəxsi sənədlərdə aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün müddətində tədbirlər görür və ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizə siyasi partiyanın səlahiyyətli şəxsi və digər təsisçilər tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ərizənin daxil olduğu tarixdən 30 gün müddətində bu barədə məlumatı siyasi partiyanın səlahiyyətli şəxsinə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

Qanunda nəzərdə tutulmuş məlumat daxil olduğu tarixdən 90 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi siyasi partiya üzvlərinin bu Qanunda nəzərdə tutulmuş sayının (Dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10000 üzvü olmalıdır) təmin edilməsi üçün tədbirlər görür və üzvlərin reyestrini tərtib edir.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, siyasi partiya təsis qurultayının keçirilməsi, həmin qurultayda siyasi partiyanın nizamnaməsinin və proqramının qəbul olunması, rəhbər və nəzarət-təftiş orqanlarının formalaşdırılması yolu ilə təsis edilir. Siyasi partiyanın təsis qurultayının hazırlanması, çağırılması və keçirilməsi siyasi partiyanın təşəbbüsçülərinin yaratdığı təşkilat komitəsi tərəfindən həyata keçirilir.

Siyasi partiyanın təsis qurultayının keçiriləcəyi yer və tarix barədə məlumat təşkilat komitəsi tərəfindən kütləvi informasiya vasitələrində dərc etdirilir. Siyasi partiyanın təsis qurultayının keçirilməsi ilə təşkilat komitəsinin fəaliyyətinə xitam verilir. Təşkilat komitəsinin sərəncamında olan əmlak və pul vəsaiti yaradılmış siyasi partiyanın sərəncamına keçir. Siyasi partiyanın təsis olunduğu gündən bir ay müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, partiya üzvlərinin sayını təsdiqləyən sənəd əlavə edilməklə, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün müraciət olunur.

Qüvvədə olan qanuna görə, siyasi partiyalar ərazi əlaməti üzrə qurulur. Dövlət və yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə yol verilmir. Siyasi partiyaya üzvlük peşə, irqi, cinsi, etnik və dini əlamətlərə görə məhdudlaşdırıla bilməz. Siyasi partiyanın qeydə alınması üçün Azərbaycan Respublikasının azı 1000 vətəndaşı onun üzvü olmalıdır. Məqsədi və ya fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıqla dəyişdirməyə, ərazi bütövlüyünü pozmağa, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməyə, irqi, milli və dini ədavəti qızışdırmağa yönəlmiş siyasi partiyaların yaradılmasına və fəaliyyətinə yol verilmir. Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının yaradılmasına və fəaliyyətinə yol verilmir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində siyasi partiyaların yaradılması və fəaliyyəti qadağandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR