Siyasi partiyaya dövlət maliyyə yardımı ilə bağlı yeni tələblər müəyyənləşir

Siyasi partiyaya dövlət maliyyə yardımı ilə bağlı yeni tələblər müəyyənləşir
# 07 sentyabr 2022 16:57 (UTC +04:00)

Siyasi partiyaya dövlət maliyyə yardımı ilə bağlı yeni tələblər müəyyənləşir.

APA xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, siyasi partiyanın fəaliyyətinin bu Qanuna uyğun olaraq maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardım ayrılır və bu məqsədlə hər il dövlət büdcəsində ayrıca sətirlə göstərilməklə vəsait nəzərdə tutulur.

Bu Qanunda nəzərdə tutulan vəsait yeni çağırış Milli Məclisinə keçirilmiş seçkilərdə iştirak edərək etibarlı səslər qazanmış siyasi partiyalara qazanılmış etibarlı səslərin sayı barədə Mərkəzi Seçki Komissiyasının məlumatı əsasında Milli Məclis səlahiyyətli tərkibdə formalaşdırıldığı gündən etibarən ayrılır və siyasi partiyalar arasında aşağıdakı qaydada bölünərək bu Qanuna uyğun olaraq rüblər üzrə onların bank hesabına köçürülür:

- vəsaitin 5 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional bölünür;

- vəsaitin 40 faizi Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür;

- vəsaitin 50 faizi Milli Məclisinin say tərkibinə bölünür və bunun nəticəsində alınan məbləğ Milli Məclisində təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların sayına vurulmaqla müəyyən edilmiş məbləğ həmin siyasi partiyalara ayrılır. Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar, habelə digər səbəblərdən Milli Məclisində siyasi partiyaları təmsil edən deputatların sayı artdıqda və ya azaldıqda bu vəsaitin həmin siyasi partiyalara ayrılması zamanı da bu maddənin birinci cümləsində nəzərdə tutulmuş qayda tətbiq olunur. Bu maddənin birinci cümləsində siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin müvafiq rüb üzrə istifadə olunmamış hissəsi həmin rübün sonunda Milli Məclisində siyasi partiyaları təmsil edən deputatların sayına uyğun olaraq proporsional qaydada siyasi partiyalara ayrılır;

- vəsaitin 5 faizi Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara bu Qanuna əsasən aparılmış bölgü nəticəsində hər bir siyasi partiyanın müvafiq rüb üzrə payına düşən həcmdə ayrılır.

Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara bu Qanuna uyğun olaraq ayrılacaq vəsait həmin seçkilərin yekunları Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən sonrakı rübdən hesablanır.

Fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara deputatların sayına görə ayrılacaq vəsait həmin deputatların:

- dövlət qeydiyyatdan keçmiş siyasi partiyanın üzvü kimi qeydə alındığı tarixdən sonrakı rübdən və ya;

- üzv olduğu siyasi partiyanın dövlət qeydiyyatına alındığı tarixdən sonrakı rübdən hesablanır.

İl ərzində bu Qanunun tətbiqi zamanı vəsait çatışmazlığı yarandıqda həmin çatışmazlıq bu Qanuna uyğun olaraq dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin istifadə edilməmiş hissəsi hesabına, istifadə olunmamış hissə mövcud olmadıqda və ya kifayət etmədikdə isə dövlət büdcəsinin ehtiyat mənbələrindən əlavə maliyyə yardımının ayrılması hesabına aradan qaldırılır.

Bu Qanuna uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun tələbləri nəzərə alınmaqla, rüblər üzrə bərabər hissələrlə siyasi partiyanın bank hesabına köçürülür. Siyasi partiyalara dövlət maddi yardımının verilməsi üçün vəsaitin rüblük bölgüsü aparıldıqdan sonra rüb üzrə ayrılan vəsaitin istifadə olunmamış hissəsi (bu Qanunda nəzərdə tutulmuş vəsait istisna olmaqla) il ərzində yarana biləcək öhdəliklər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər rübün sonunda Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür.

Siyasi partiyalar Milli Məclisinə keçirilmiş son seçkilərdə siyasi partiyalar bloku tərkibində iştirak etdikdə, dövlət büdcəsindən ayrılan vəsait bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş qaydada hər bir siyasi partiyaya ayrıca verilir.

Siyasi partiya dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdikdə həmin vəsait bu Qanuna uyğun olaraq istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR