Tofiq Zülfüqarov: “Azərbaycan hərbi təxribatlara cavab olaraq, Ermənistanı sülhə məcbur etməlidir” - MÜSAHİBƏ

Tofiq Zülfüqarov

© APA | Tofiq Zülfüqarov

# 13 sentyabr 2022 12:35 (UTC +04:00)

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun APA-ya müsahibəsi

- Dünən Azərbaycan-Ermənistan sərhədində baş verənlərin bu həddə çatmasının səbəbini nədə görürsünüz? Son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində təxribatları buna hazırlıq kimi qiymətləndirilə bilərmi?

- Son günlər baş verən hadisələr bir növ Ermənistanın silsilə təxribatlarının nəticəsidir. Dünən baş verənlər də Ermənistanın seçdiyi siyasətin məntiqi nəticəsi sayılmalıdır. Ermənistanda gündən-günə güclənən revanşist fikirlər və mövqelər artıq özünü bu şəkildə biruzə verir. Azərbaycan bu məsələlərdə təxribatlara cavab olaraq lazımi hərbi-siyasi addımları atıb və atmaqda davam edir. Ermənistanın təxribatları planlı şəkildə həyata keçirilirdi və bu, İrəvanın revanşist siyasətinin məntiqi davamıdır. Bir neçə halda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının Azərbaycan Respublikasının ərazisinə sızma cəhdlərinin müəyyən edilməsi və hərbi birləşmələrimizin sayıqlığı nəticəsində onların qarşısı alınması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən məlumatlar verilib və buna MN tərəfindən mövqe bildirilib.

- Ermənistanın yüksək çinli rəsmi şəxslərinin verdikləri açıqlamalarda Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcudluğuna son qoyulacağı bildirilirdi. Amma bu öhdəlik bu günə qədər yerinə yetirilmir.

- Ermənistanın öz hərbçilərini Azərbaycan ərazisindən çıxarması ilə bağlı dediklərinə əməl edəcəyi şübhə altındadır. Azərbaycan tərəfindən artıq dəfələrlə səsləndirilib ki, erməni hərbçiləri hələ də Azərbaycanın ərazisində mövcuddurlar və bizim ərazimizdə təxribatlar aparmaqla məşğuldurlar. Azərbaycan Respublikası tərəfindən Qarabağ və Şərqi Zəngəzurda Ermənistanın otuz illik işğalının nəticəsi olaraq, genişmiqyaslı və çətin humanitar mina təmizləmə fəaliyyəti aparıldığı halda, Ermənistan tərəfindən yenə də Azərbaycan ərazilərində qəsdən mina basdırılması əməlləri davam edir. Bu baxımdan Azərbaycanın tələbi çox aydındır və beynəlxalq qanunlara uyğundur.

- Ermənistanın siyasi-hərbi rəhbərliyi bu kimi hərbi avantüralarla nəyə nail olmağa çalışır?

- Ermənistan tərəfi bununla qəsdən regionda vəziyyəti gərginləşdirmək, sülh müqaviləsi üzrə danışıqların baş tutmasını pozmaq, 10 noyabr 2020-ci tarixli üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirməmək, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı tikinti-quruculuq layihələrini ləngitmək, Ermənistan əhalisini və beynəlxalq ictimaiyyəti çaşdırmaq kimi məqsədlər güdür. Ermənistan öz öhdəliklərindən boyun qaçırır. Azərbaycan hərbi təxribatlara cavab olaraq Ermənistanı sülhə məcbur etməlidir. Bu baxımdan bu, müharibə yox, Ermənistanı sülhə məcburetmə əməliyyatı kimi qiymətləndirilə bilər. Ermənistan müxtəlif beynəlxalq qurumlara müraciət edir ki, qolymayın, bizə hücum edirlər, bizi işğal edirlər. Təəccüblü odur ki, özləri bizim ərazimizdə müharibədən sonra hələ də hərbçilər saxlaya-saxlaya bizi nədəsə ittiham edirlər. Bu, hər zaman ermənilərin yürütdüyü hiyləgər siyasətin nümunəsidir.

- Ermənistanın sülh gündəliyindən uzaqlaşmasına, revanşist iddialarının artmasına səbəb nə olub?

- Artıq müxtəlif xarici dairələrin təsiri nəticəsində revanşist fikirlər Ermənistanın siyasi elitasında daha da genişlənib və güclənib. Bu baxımdan Azərbaycan da bu məsələlərdə öz mövqeyini ortaya qoymalıdır və qoyur. Dünən axşam baş verən hadisələr zamanı da Ermənistan Baş naziri Nikol Paşinyan yenə də müxtəlif kluarlara zəng edib və hər zaman olduğu kimi Ermənistanın təxribatına bəraət qazandırmaq üçün müxtəlif yalanlara əl atıb. Bu baxımdan məsləhət görərdim ki, Paşinyan hansısa ölkənin prezidentlərinə, liderlərinə yox, Azərbaycana zəng etsin. Azərbaycanın mövqeyi bir neçə ay ərzində geniş şəkildə səslənirdi. Azərbaycanın mövqeyi barədə Prezident İlham Əliyev bütün çıxışlarında məlumat verib. Onları bir daha təkrar etmək istərdim. Ermənistan, Paşinyan ilk olaraq hərbi təxribatlara son qoymalıdır. İkinci məsələ ondan ibarətdir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının mövcudluğuna son qoyulmalıdır. Erməni hərbçilər Azərbaycan ərazilərini tam şəkildə tərk etməlidir. Çünki bu tələb artıq iki ildir ki, yerinə yetirilmir. Azərbaycanın erməni hərbçilərin bizim ərazilərdən çıxmasını dəfələrlə tələb etməsinə baxmayaraq, ermənilər müxtəlif bəhanələrlə bu qüvvələri Azərbaycan ərazisində saxlayır. Hətta biz “Qisas” əməliyyatı zamanı gördük ki, həmin qüvvələrin ağır silahları da var. Təbii ki, bu, qəbuledilməzdir. Üçüncü məsələ Ermənistanın ərazisində yerləşən dövlət və qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə zidd olan əməllərə və fəaliyyətlərə son qoyulmalıdır. Dördüncüsü, Ermənistan 10 noyabr bəyannaməsində nəzərdə tutulmuş öhdəlikləri tam şəkildə yerinə yetirməli, o cümlədən Zəngəzur dəhlizi öhdəliyini tam şəkildə yerinə yetirilməlidir. Beşincisi, Ermənistan rəhbərliyi rəsmi şəkildə Azərbaycana təcavüz etdiyi 30 illik siyasi və maddi məsuliyyəti boynuna götürməli və 30 illik hərbi təcavüzə görə Azərbaycan xalqından üzr istəməlidir.

- Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zona yaradılması Ermənistanın təxribatlarının qarşısını ala bilərmi?

- Belə bir qərarı siyasi və hərbi rəhbərlik qəbul etməlidir. Bu qərar siyasi və hərbi şəraitdən asılı olaraq, verilə bilər. Əməliyyatlar Qarabağ İqtisadi rayonunun ərazisində baş verir, Ermənistan-Azərbaycan sərhədinə aid deyil. Orada Azərbaycan bu təxribatların qarşısını almaq üçün istənilən addımı ata bilər. Doğrudur, təhlükəsiz zonanın yaradılması təcrübəsi mövcuddur. Bildiyiniz kimi, hətta ermənilər bizim işğal olunmuş torpaqları təhlükəsiz zona, bufer zona adlandırırdılar. Bu baxımdan, ermənilərə ən azı bu təcrübə çox yaxşı bəllidir.

- Ermənistanın sülhə məcbur edilməsi hansı yollarla mümkün görünür?

- Ermənistanda revanşizmin baş qaldırmasına imkan vermək olmaz. Ermənistan rəhbərliyinin Azərbaycanın irəli sürdüyü tələblərə nə cavab verməsindən çox şey asılıdır. Çünki siyasi danışıqlar boş yerdən baş vermir. Siyasi danışıqların baş verməsinin hansısa əsasları olmalıdır. Hələlik Ermənistan rəhbərliyindən gələn siqnallar və bəyanatlar belə ümid yaratmır ki, onlar artıq öz siyasətindən əl çəkib normal münasibətləri qurmaq fikrindədirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR