Üçtərəfli bəyanatın şərtini pozan Rusiya sülhməramlısı Qarabağda qalmalıdırmı? - BİZİM ŞƏRH - VİDEO

Üçtərəfli bəyanatın şərtini pozan Rusiya sülhməramlısı Qarabağda qalmalıdırmı? - BİZİM ŞƏRH  - VİDEO
# 26 mart 2022 22:36 (UTC +04:00)

Azərbaycan Silahlı Qüvvələri Fərrux kəndinə tam nəzarət edir.

Rusiya Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin Fərrux kəndi istiqamətində mövqelərini möhkəmləndirmələrindən narahatlığını ifadə edən açıqlama yayıb.

Açıqlamada iddia olunub ki, Azərbaycan “martın 24-dən 25-dək Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub”.

Rusiya Xarici İşlər Nazirliyi də bu açıqlamaya istinad edərək, etiraz bəyanatı yayıb.

APA-nın əldə etdiyi məlumata görə, hazırda Fərrux kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Burda isə qeyri-adi heç nə yoxdur, çünki Fərrux da, digər ərazilər də Azərbaycanın torpaqlarıdır.

Qeyd etmək yerinə düşər ki, Rusiya sülhməramlılarının hazırkı mandatı qeyri-müəyyəndir. Rusiya MN-in iddialarının əksini sübut edən onlarla görüntü və video çəkiliş, mediada yayılan xəbərlərlə sübut etmək olar ki, məhz Rusiya sülhməramlıları özləri 10 noyabr razılaşmasının müddəalarına əməl etmirlər. Çünki üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, qanunsuz erməni birləşmələri çoxdan ərazidən çıxarılmalı idi.

Biz isə ötən bir ildən artıq müddət ərzində sülhməramlıların onları bəslədiklərini, silahlandırdıqlarını və təlimlərlə ruhlandırdıqlarını görürük.

Sonuncu bir neçə həftədə erməni separatçıları Fərrux kəndi ətrafında mövqelərinin möhkəmləndirmək üçün səngərlər qazmaları barədə məlumatlar var idi. Bəs “sülhməramlılar” “öz dislokasiya zonalarında” buna necə reaksiya verirdilər? Siqaret çəkə-çəkə separatçıları seyr edirdilər. Bu, üçtərəfli bəyanatın pozulması deyilmi?

Rusiya sülhməramlılarının davranışı, eləcə də Rusiya mediasının hələ də terrorçuları "respublika" kimi təqdim etməsi, rəsmi medianın terrorçu Araikin "sərəncamlarını" tirajlaması 22 fevralda imzalanmış müttəfiqlik münasibətləri haqda bəyanata zidd hərəkətlərdir. Elə bu müqavilənin də separatizmə qarşı mübarizəni ehtiva edən müddəaları kobud şəkildə pozulur.

Və bütün bu baş verənlər bir sualı aktuallaşdırır. Missiyasını yerinə yetirməyən sülhməramlıya bu bölgədə ehtiyac varmı? Sülhməramlıların 2025-dən sonra, hətta daha tez müddətə ərazidən çıxarılması məsələsi gündəmə gəlməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR