Vüqar İskəndərov: “Xalqımız Ulu öndərin misilsiz işlərini minnətdarlıq hissi ilə yada salır”

Vüqar İskəndərov, Milli Məclisin deputatı

© APA | Vüqar İskəndərov, Milli Məclisin deputatı

# 06 may 2022 19:30 (UTC +04:00)

“Bir neçə gün sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü tamam olur. Azərbaycan xalqı dahi şəxsiyyətin ruhuna dərin ehtiramını bildirməklə yanaşı, onun dövlətimiz və xalqımız üçün gördüyü misilsiz işləri də bir daha minnətdarlıq hissi ilə yada salır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, ümumiyyətlə, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması, milli dövlət quruculuğu, ölkəmizin inkişafı yolunda böyük işlər görüb, bu yolda misilsiz xidmətlər göstərib: “Təbii ki, bu işlərin hamısını saysaq buna vaxt, zaman yetməz. Amma mən sadəcə olaraq bu məqamda 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfəri xatırlatmaq istəyirəm. O mənada ki, bu tarixi Zəfər və ərazi bütövlüyümüzün təmin olunması mahiyyət etibarilə Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi kimi tarixə düşdü”.

Vüqar İskəndərovun sözlərinə görə, ölkəmizin əldə etdiyi bütün uğurların, o cümlədən Vətən müharibəsindəki tarixi Zəfərin arxasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət dayanır: “Məhz bu düşünülmüş, bütün sahələrin inkişafını hədəfləyən siyasət nəticəsində ölkəmiz regionun liderinə çevrilib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu siyasət, 1993-2003-cü illərdə imzalanan beynəlxalq sazişlər, ordu quruculuğu istiqamətində atılan addımların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi öz sözünü dedi”.

Deputat bildirilib ki, 2003-cü ildən başlayaraq Ulu öndərin yaratdığı təməl üzərində Prezident İlham Əliyev tərəfindən ölkənin sosial-iqtisadi, mədəni və s. inkişafının təmin edilməsi nəticəsində bu gün daxili və xarici siyasətdə böyük uğurlar əldə edən Azərbaycan regionun lider dövlətinə, qlobal enerji layihələrinin aparıcı aktorlarından birinə çevrilib.

Vüqar İskəndərov qeyd edib ki, Ulu öndərin xüsusi diqqət yetirdiyi sahələrdən biri də ordu quruculuğu idi: “Yəni, bu gün ölkəmizdə güclü ordunun formalaşması da əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasətin uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycanda güclü, nizami, müasir ordu quruculuğu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edib. Dövlət büdcəsindən ordu quruculuğuna böyük həcmdə vəsait ayrılıb, Silahlı Qüvvələrimizin müasir silah-sursatla təminatı, kadrların peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılıb. İlham Əliyevin prezidentliyi dövründə hərbi xərclər hər il büdcə xərcləri arasında birinci yerdə dayanıb. Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsini üstələyib. Beləliklə, görülən işlərin nəticəsidir ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Eyni zamanda 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan Ordusunun nəyə qadir olduğunun şahidi oldu. Belə ki, qısa müddət ərzində Ordumuz düşmənə sarsıdıcı zərbə vurdu, bununla da düşmən ordusunun məğlubedilməzliyi haqqında ermənilərin illərdən bəri yaratdığı mifi darmadağın etdi, Azərbaycanın yetərincə hərbi gücə malik olduğunu təsdiqlədi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR