Vüqar Rəhimzadə Bakı Qlobal Forumunu Davos İqtisadi Forumu və Münhen Təhlükəsizlik Konfransı ilə müqayisə edib

Vüqar Rəhimzadə

© APA | Vüqar Rəhimzadə

# 17 iyun 2022 12:52 (UTC +04:00)

“Azərbaycan iqtisadi, siyasi və humanitar mərkəzə çevrilməklə beynəlxalq münasibətlər sistemində artan rolunu və nüfuzunu təsdiq edir. Bu mühüm məqamı da nəzərə alsaq ki, hazırda Azərbaycan qalib ölkə olaraq diktə edən tərəf kimi çıxış edir, yeni əməkdaşlıq formatlarının müəllifidir, bu halda dünyanı narahat edən məsələlərin, qlobal problemlərin ölkəmizdə müzakirəsi daha diqqətçəkən, təqdirəlayiq hal olmaqla, həm də ölkəmizin yaratdığı yeni reallıqların qəbulu və dəstəklənməsi qənaətinə gələ bilərik”.

APA xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

O qeyd edib ki, iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə öz işinə başlayan Qlobal Bakı Forumu bu qənaətin aydın mənzərəsini yaradır: “IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etməsi bütün bunları bir daha təsdiq edir. İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunmasının perspektivləri, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq. Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimindəki nitqində bu əminliyi ifadə etdi ki, aparılacaq müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək. Forumda qlobal gündəmi təşkil edən prioritet mövzularla bağlı müzakirələr aparılacaq, yeni yanaşmalar işlənib hazırlanacaq”.

Vüqar Rəhimzadə Bakı Qlobal Forumunun əhəmiyyətindən, onun Davos İqtisadi Forumu və Münhen Təhlükəsizlik Konfransı ilə fərqindən bəhs edərək bildirib ki, adından da göründüyü kimi, Davos İqtisadi Forumu iqtisadi, Münhen Təhlükəsizlik Konfransı isə təhlükəsizlik məsələlərini əhatə edir: “Bakı Qlobal Forumu siyasi, qlobal və universal xarakter daşıyır, beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Buna əmin olmaq üçün təkcə ötənilki Qlobal Forumla builki Forumun mövzusunu müqayisə etmək kifayətdir. Ötən il Forum “COVID-19-dan sonrakı dünya” mövzusuna həsr olunmuşdu. Gündəmə gətirilən hər bir məsələnin müzakirəsində fəal iştirakçı olan Azərbaycan konkret mövqeyini nümayiş etdirməklə yanaşı, bu istiqamətdə göstərdiyi səylərə, həyata keçirdiyi tədbirlərə də diqqət yönəltmək imkanlarına malikdir”.

O, Forumun gündəliyini, iştirakçıların yüksək statusunu dünyada qlobal Bakı tədbirinə olan marağın əsası kimi qeyd edib: “Forumda Albaniya, Bolqarıstan, Gürcüstan və digər ölkələrin fəaliyyətdə olan rəhbərləri, çoxsaylı ölkələrin keçmiş başçıları, tanınmış ictimai-siyasi xadimlər, aparıcı ekspertlər, habelə Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının və s. beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Azərbaycanın bu forumlara ev sahibliyi, ildən-ilə iştirakçıların sayında nəzərə çarpan artım ölkəmizə olan diqqət və marağın, dövlət başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi qeyd edilir. Prezident İlham Əliyev açılış nitqində də bu məqamı xüsusi qeyd etdi ki, Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformadır. Bu, belə də olmalıdır. Çünki dünyanı daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləməliyik”.

Vüqar Rəhimzadənin sözlərinə görə, dövlət başçısı İlham Əliyev nitqində Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonrakı yanaşması barədə Forum iştirakçılarına məlumat verərək bildirib ki, bu müharibə ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin bərpasına yönəlmişdi. “Bu, dünyada unikal bir haldır ki, uzunmüddətli münaqişədən sonra bir dövlət işğalçını öz torpaqlarından qovub və ədaləti bərpa edib. Dünyada belə hallara heç də çox rast gəlinmir. Biz niyə sülh istəyirik?! Çünki biz sabit, dayanıqlı və inkişaf regionu yaratmaq istəyirik. Azərbaycanın dövlət başçısı Forumda bu çağırışı da etdi ki, indi Cənubi Qafqazda sülhü bərqərar etmək və əməkdaşlıq qurmaq vaxtıdır.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel görüşündə Azərbaycanın irəli sürdüyü 5 prinsip Ermənistan tərəfindən qəbul olundu. Bu, təbii ki, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsidir. Amma Ermənistan tərəfinin hələ də sülh sazişinin imzalanmasında passiv mövqedə dayanmaqda maraqlı olduğu diqqətdən kənarda qalmır. Real olan budur ki, işğalçı dövlət yenə də ATƏT-in Minsk qrupunun vasitəçiliyinin bərpasında maraqlıdır. Baxmayaraq ki, Avropa İttifaqı bu vasitəçiliyi neytrallığı qorumaqla, hər iki tərəfin maraqları nəzərə alınmaqla həyata keçirir, Ermənistan bunu reallıqda dəstəkləyir, istəyə gəldikdə, seçim etdikdə ATƏT-in Minsk qrupunun vasitəçiliyində maraqlı olduğunu açıq-aydın şəkildə büruzə verir. Dövlət başçısı İlham Əliyev bir daha Forum iştirakçılarının diqqətinə çatdırdı ki, ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etmədi. Buna görə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmayıb. Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq”.

Prezidentin Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına əməl etmədiyinə diqqəti yönəltdiyini söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, status məsələsi daha müzakirə mövzusu da ola bilməz: “Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında, müsahibələrində bu reallığı daim diqqətə çatdırır və bəyan edir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcəksə, Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü şübhə altına almağa tam əsası olacaq. Bunun üçün siyasi, tarixi, hüquqi və digər əsaslar var. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var” bəyanatı Ermənistanı və ona postmünaqişə dövründə də dəstək göstərib sülh müqaviləsinin imzalanmasının uzanmasına səbəb olan dövlətləri ciddi düşündürməlidir. Rəsmi Bakı bu bəyanatı da səsləndirir ki, sülh təklifi masa üzərində uzun müddət qala bilməz. Göründüyü kimi, Ermənistana son şans verilir. Artıq işğalçı Ermənistan və onun havadarları nəinki postmünaqişə dövrünün reallıqlarını qəbul etməli, eyni zamanda, onların tezliklə gerçəkləşməsinə dəstək olmalıdırlar. Dövlət başçısı İlham Əliyevin IX Bakı Qlobal Forumunun açılış mərasimindəki nitqi Ermənistana və dünya güclərinə ünvanlanan mesajlarla diqqətdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR