XİN və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Diplomatiya həftəsi’ keçirilib

XİN və ADA Universitetinin birgə təşkilatçılığı ilə  “Diplomatiya həftəsi’ keçirilib
# 22 iyul 2022 20:50 (UTC +04:00)

7 – 15 iyul 2022-ci il tarixlərində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş “Şuşa İli” çərçivəsində AR XİN və ADA Universitetinin təşkilatçılığı ilə növbəti “Diplomatiya Həftəsi” baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, “Post-münaqişə dövründə Azərbaycanın sülh və quruculuq səyləri” mövzusuna həsr olunan Həftə çərçivəsində Azərbaycan gənclərinin münaqişədən sonrakı mərhələdə bölgədə yaranmış yeni reallıqlar, müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni, hərbi, media və s. sahələrdə sülh quruculuğu istiqamətində atılan addımlarla bağlı məlumatlılığının artırılması məqsədi ilə dövlət rəsmiləri ilə görüşləri, habelə aidiyyəti qurumlara səfərləri təşkil edilib.

Həftə çərçivəsində açılış sessiyasında, iştirakçılar Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev ilə görüşüblər. Diplomatiya Həftəsinin ilk günündə iştirakçıların, həmçinin Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində səfir Cahit Bağçı ilə maraqlı görüşü baş tutub

Növbəti günlərdə Diplomatiya Həftəsi iştirakçılarının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə səfəri təşkil olunub, səfər çərçivəsində onların Vətən müharibəsi qəhrəmanları, o cümlədən Müdafiə Nazirliyi rəsmiləri ilə görüşü baş tutub. İştirakçıların, həmçinin XİN, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Azərsu” ASC, “Azərişıq” ASC-nin rəsmiləri ilə görüşləri, Milli Məclisə səfəri və millət vəkili ilə görüşü, “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə səfər və sədr ilə görüşü böyük marağa səbəb olub.

Diplomatiya Həftəsinin maraqlı sessiyalarından biri, 9 iyul 2022-ci il tarixində iştirakçıların Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin Şuşa şəhərində keçirilən müşavirəsinin işinə qoşulması olub. Gənc diplomatiya könüllüləri Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər edərək bu ərazilərdə aparılan quruculuq işləri ilə yerindəcə tanış olmaqla yanaşı, Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri ilə ünsiyyət qurmaq imkanını əldə ediblər.

22 iyul 2022-ci il tarixində Diplomatiya Həftəsinin bağlanış mərasimi keçirilib. Bağlanış sessiyasında çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Həftənin ümumi dəyərləndirilməsini edib, bu kimi tədbirlərin gənclərin məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb.

Nazir Ceyhun Bayramov, savadlı, hazırlıqlı, vətənini sevən Azərbaycan gəncliyinin mövcud olduğunu fəxrlə qeyd edərək, insan kapitalının ölkəmizin milli sərvəti olduğunu söyləyib və hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə bu gənclərin verəcəyi töhfənin mühüm olduğunu vurğulayıb. Nazir Ceyhun Bayramov, həmçinin bu yaxınlarda Dövlət İmtahan Mərkəzi ilə keçirilən XİN-də işə qəbul imtahanının nəticələrini gənclərlə bölüşüb və tezliklə bir sıra gənclərin XİN-in diplomatları sırasına qoşulacağını məmnunluqla qeyd edib.

Nazir, sözügedən gənclərin Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində aparılan fəaliyyətə yeni nəfəs gətirəcəyini bildirib. Sonda gənclərlə öz tövsiyələrini bölüşən nazir Ceyhun Bayramov, ixtisasından, peşəsindən asılı olmayaraq hər bir gəncin öz sahəsinin peşəkarı olmasının cəmiyyətimizə böyük töhfə verəcəyini vurğulayıb.

Daha sonra, Diplomatiya Həftəsi iştirakçılarına xarici işlər naziri Ceyhun Bayramov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tərəfindən sertifikatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR