YAP-da üzvlük haqlarının məbləği və ödənilməsi qaydası müəyyənləşib

YAP-da üzvlük haqlarının məbləği və ödənilməsi qaydası müəyyənləşib
# 29 dekabr 2021 19:36 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının üzvləri üçün üzvlük haqlarının aylıq minimum məbləği müəyyənləşib.
APA-nın məlumatına görə, bu, “Yeni Azərbaycan Partiyasında üzvlük haqlarının məbləği və ödənilməsi Qaydası”nda əksini tapıb.
Qaydaya əsasən, üzvlük haqlarının aylıq minimum məbləği aşağıdakı kimi müəyyən edilir:
- muzdla işləyən, habelə haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilən partiya üzvləri üçün - aylıq əmək haqqının 1 faizi;
- sahibkarlıq fəaliyyəti ilə məşğul olan partiya üzvləri üçün - minimum aylıq əmək haqqının 2 mislinin 1 faizi;
- mülki-hüquqi xarakterli müqavilələrlə və özünüməşğulluğun digər formaları üzrə işləyən Partiya üzvləri üçün - minimum aylıq əmək haqqının 1 faizi;
- sosial ödəniş (əmək pensiyası, ünvanlı dövlət sosial yardımı, sosial müavinət, təqaüd və s.) alıb-almamasından asılı olmayaraq qazanc (gəlir) gətirən hər hansı fəaliyyətlə məşğul olmayan (işləməyən) partiya üzvləri, o cümlədən ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar üçün – könüllülük əsasında.
Qaydaya əsasən, üzvlük haqqının yuxarı həddi müəyyən edilmir.
Hər ay üçün üzvlük haqları Partiyanın üzvləri tərəfindən növbəti ayın 10-dək fərdi qaydada partiyanın yerli təşkilatının bank hesabına köçürmə yolu ilə ödənilir. Muzdla işləyən, habelə haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilən Partiya üzvünün razılığı ilə onun üzvlük haqqı mühasibatlıq tərəfindən əmək haqqından birbaşa tutulmaqla Partiyanın yerli təşkilatının bank hesabına ödənilə bilər. Göstərilən qaydada mümkün olmadıqda, partiya üzvləri üzvlük haqlarını uçotda olduqları ərazi partiya təşkilatının sədrinə partiyanın Mərkəzi Aparatının müəyyən etdiyi forma üzrə cədvəldə məbləği qeyd edib imzalamaqla ödəyə bilər. Ərazi partiya təşkilatının sədri həmin cədvəlin surətini yerli təşkilatın Aparatına təqdim etməklə yığılmış üzvlük haqlarını 3 iş günü ərzində partiyanın yerli təşkilatının bank hesabına köçürməlidir.
Üzvlük haqqının ödənilməsi partiya üzvünün vəzifəsidir. Partiyanın Nizamnaməsinin 5.10-cu bəndinə əsasən Nizamnamə tələblərini pozan partiya üzvlərinə intizam tənbeh tədbirlərinin tətbiqi nəzərdə tutulur. Üzvlük haqlarının ödənilməsinin təmin edilməsinə ərazi partiya təşkilatlarının sədrləri məsuliyyət daşıyır. Üzvlük haqlarının yığılmasına nəzarəti yerli təşkilatın Aparatı həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR