YAP Heydər Əliyev və gender siyasətinə həsr olunmuş tədbir keçirib

YAP Heydər Əliyev və gender siyasətinə həsr olunmuş tədbir keçirib
# 08 fevral 2023 15:16 (UTC +04:00)

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və gender siyasəti: milli qanunvericilik əsas prioritetlər kontekstində” mövzusunda tədbir keçirilib.

APA-nın xəbərinə görə, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin komitə sədrləri, deputatlar iştirak ediblər.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilib: “Xüsusi vurğulamaq istəyirəm ki, Ulu Öndərin “Nə qədər ki Azərbaycan var, mən də varam” kəlamı “Heydər Əliyev İli” ilə əlaqədar keçiriləcək bütün tədbirlərimizdə istifadə etmək üçün deviz olaraq seçilib. Çünki Heydər Əliyevin vaxtilə dahiyanə şəkildə ifadə etdiyi bu fikir müasir Azərbaycanın timsalında öz təsdiqini tapır”.

Tahir Budaqovun sözlərinə görə, gender siyasəti Heydər Əliyevin demokratik, hüquqi dövlət və müasir cəmiyyət quruculuğunun, insan hüquqları və azadlıqlarının qorunması siyasətinin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir: “Gender bərabərliyi üçün hüquqi bazanın və ictimai-siyasi əsasların yaradılması, qadın hüquqlarının qorunması və qadınların cəmiyyət həyatının müxtəlif sahələrində yüksək fəallığının təmin olunması vacib prioritetlərdən biri kimi müəyyənləşdirilib, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 12 noyabr 1995-ci il tarixində keçirilən ümumxalq səsverməsi – referendum nəticəsində qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında gender siyasətinin hüquqi əsaslarının təsbit olunmasını bu kontekstdə xüsusi vurğulamaq lazımdır. Beynəlxalq hüquqi aktlarda və konvensiyalarda təsbit olunmuş əsas insan hüquq və azadlıqlarının yer aldığı Azərbaycan Konstitusiyasında gender məsələləri də öz əksini tapıb. Bununla yanaşı, Heydər Əliyevin imzaladığı bir çox fərman və sərəncamlar birbaşa və dolayısıyla qadın hüquqlarının müdafiəsinə yönəlib. Müdrik dövlət xadiminin müvafiq fərmanları ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi, Azərbaycanın “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşulması və digər addımlar gender siyasətinin səmərəliliyini təmin edib. Ümummilli Liderin siyasətini uğurla və inamla davam etdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ənənə ilə müasirliyin vəhdətinə və siyasi varislik prinsipinə əsaslanan strateji kursunda gender bərabərliyinin təmin olunması, qadınların müxtəlif sahələrdə fəallığının və rolunun artırılması kimi məsələlər də mühüm yer tutur. Bu kontekstdə qanunvericilik bazasının zənginləşdirilməsi, qadınlara dövlət idarəçiliyinin müxtəlif sahələrində etimad göstərilməsi, onların yüksək fəallığı və faydalı təşəbbüslərlə çıxış etməsi üçün geniş imkanların yaradılması, zəruri şərtlər və şəraitin təmin olunması və bir sıra digər tədbirlərin reallaşdırılması dövlət başçısının gender bərabərliyi məsələsini daim diqqətdə saxladığını göstərir. Prezident İlham Əliyevin “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir” fikri isə onun modern və nümunəvi gender siyasətinin mahiyyətini əks etdirməklə yanaşı, Azərbaycan qadınlarına böyük inam və etimadının bariz ifadəsidir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, irəli sürdüyü təşəbbüslər və reallaşdırdığı layihələr də gender məsələlərinin tənzimlənməsi, qadınların hüquqlarının qorunması və ictimai-siyasi fəallığının yüksəldilməsi baxımından müstəsna önəm daşıyır. Mehriban Əliyeva məhsuldar fəaliyyəti ilə milli-mənəvi dəyərlərə, tarixi ənənələrə sadiq, vətənpərvər və xeyirxah Azərbaycan qadını obrazının formalaşmasında əvəzsiz rol oynamışdır. Onun nümunəvi həyat və fəaliyyəti qadınlar üçün əsl örnək olmaqla yanaşı, zərif cinsin nümayəndələrinin cəmiyyət həyatında rolunun artmasına stimul verib”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanda qadın hərəkatına böyük stimul verib: “Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızda qadın və kişilərin eyni hüquqlara malik olduğun qeyd edilib. Bu da ictimai-siyasi həyatımızın bütün sferalarında qadınların mövqelərinin möhkəmlənməsinə gətirib çıxarıb”.

Hicran Hüseynova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövr də Azərbaycanın inkişaf dövrü kimi yadda qalıb, 30 ilə yaxın davam edən işğala son qoyulub: “Bu gün xalqımız Heydər Əliyevin layiqli varisi Prezident İlham Əliyevin ətrafında sıx birləşib”.

Komitə sədri gender bərabərliyinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçiriən siyasətdə mühüm yer tutduğunu vurğulayıb: “Xüsusən hüquqi bazanın təkmilləşdirilib, “Gender bərabərliyinin təminatları”, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul edilib. Bu qanunların qəbulu bir çox sreotiplərin aradan qalxmasında mühüm rol oynayıb. Onu da xüsusi qeyd edim ki, Birinci vitse-prezident Mehriban Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının dünyada imicini yüksəldir. Bu sahədə qanunların da bir çoxu Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunub”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınlarla kişilərin cəmiyyətin həyatında bərabər iştirakının ölkənin inkişafı üçün vacib olduğunu vurğulayıb: “Heydər Əliyevin gender bərabərliyi sahəsində fəaliyyəti xüsusi qeyd olunmalıdır. Biz Ümummilli liderin tapşırıqlarını hər zaman yerinə yetirəcəyik”.

Ombudsman Səbinə Əliyeva isə Azərbaycan qadınının həmişə cəmiyyətin mənəvi dayağı olduğunu söyləyib: “Azərbaycanda gender bərabərliyinin əsasları Ulu Öndər tərəfindən qoyulub və bu gün də Azərbaycanda gender bərabərliyinin təminatına dövlət qayğısı yüksək səviyyədədir”.

Səbinə Əliyeva qeyd edib ki, ombudsmanın ünvanına qadınların pozulmuş hüquqları ilə bağlı müraciətlər də daxil olur: “Həmin müraciətlərə çevik şəkildə baxılır və çətinliklərin aradan qaldırılmasına dəstək göstərilir”.

Tədbir çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR