Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
Ziyafət Əsgərov deyib ki, mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb. Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb. Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.
Parlamentin komitə sədri qeyd edib ki, mayın 25-də Avrasiya İqtisadi Birliyinin sammiti Prezident İlham Əliyevlə şifahi "söz savaşı"na başlamağa cəhd edən, amma nəticədə həm Azərbaycanda, həm də Ermənistan və Rusiyada özünü gülüş obyektinə çevirən Nikol Paşinyan üçün növbəti biabırçılığın zirvəsi oldu: “Üstəlik, Ermənistanda o, Prezident İlham Əliyevin Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı sözlərinə etiraz etmədiyi üçün müxalifət tərəfindən sərt tənqid edilib. Belə bir vəziyyətdə, görünür, Ermənistanın Baş naziri özü üçün "uğurlu lokal qələbə" ilə nəticələnəcək hərbi təxribata əl atmaq qərarına gəlib. Nikol Paşinyan bununla həm daxili siyasi mövqelərini gücləndirəcəyinə, həm də Kişinyov görüşündən əvvəl danışıqlar fonunu pozacağına ümid edirdi. Sülh danışıqlarını uzatmaq Ermənistanın məlum taktikasıdır. Ermənistanın diversant qrupu Azərbaycan hərbçilərini öldürməyi planlaşdırsa da, Dövlət Sərhəd Xidmətinin hərbçiləri tərəfindən vaxtında aşkar edilib. Diversiya baş tutsa, onlar Azərbaycan ərazisinin dərinliyində də təxribat törədib dinc vətəndaşları hədəf götürə bilərdilər. Ancaq Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb”.
Ziyafət Əsgərov vurğulayıb ki, Ermənistan üçün iqtisadi inkişaf, xilas yolu Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir: “Bunun üçün isə Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına, təxribatlara son qoymalı, Azərbaycanla sülh danışıqlarını uzatmamalı, tezliklə sülh müqaviləsinin imzalanmasına çalışmalı, Zəngəzur dəhlizinin açılmasına mane olmağa cəhd etməməlidir”.