Natiq Məmmədov: “Namizədlərə təşviqat aparmaq üçün mümkün yerlərin hamısı ayrılıb” - MÜSAHİBƏ

Natiq Məmmədov: “Namizədlərə təşviqat aparmaq üçün mümkün yerlərin hamısı ayrılıb” - <font color=red>MÜSAHİBƏ </font>
# 01 sentyabr 2010 13:23 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədovun APA-ya müsahibəsi.

- Mərkəzi Seçki Komissiyasında parlament seçkisinə hazırlıq işləri nə yerdədir?

- Bildirmək istərdim ki, azad, ədalətli, demokratik və şəffaf seçkilərin keçirilməsini digər şərtlər nəzərə alınmadan yalnız hansısa komissiya və ya komissiyalardan gözləmək o qədər də obyektiv görünməyən tələb olardı. Bu, çox böyük bir proses olmaqla hamımızın - dövlətin, cəmiyyətin, mübarizə aparan tərəflərin birgə işidir. Bunun üçün çoxsaylı şərtlər mövcud olmalı, çoxsaylı işlər görülməlidir. İstənilən ölkədə seçki və referendumlarda xalqın iradəsinin azad ifadə olunması üçün siyasi stabillik, dövlətin siyasi iradəsi, qanunvericilik bazası, dayanaqlı elektorat, ədalətli mübarizə aparmaq imkanları və tərəflər, peşəkar seçki təşkilatçıları və digər bu kimi şərtlər vacibdir. Bununla yanaşı, azad və ədalətli seçkilərin hazırlanıb keçirilməsi üçün seçkilərin və qanunvericiliyin mahiyyətindən irəli gələn çoxsaylı tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi də zəruri şərtlərdəndir. Elə buna görə də Azərbaycanda daimi əsaslarla fəaliyyət göstərən üçpilləli seçki komissiyaları piramidasının zirvəsində duran və bu məsuliyyəti öz üzərinə götürmüş Mərkəzi Seçki Komissiyası tərəfindən bu istiqamətdə xeyli tədbirlər görülüb.

Belə ki, bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq seçicilərin seçici siyahılarına daxil edilməsi öhdəliyini seçicilər deyil, dövlət öz üzərinə götürməklə hər il olduğu kimi, bu il də daimi seçici siyahıları daha da təkmilləşdirilərək yenidən tərtib edilib, komissiyalar tərəfindən təsdiqlənərək çap edilib, seçicilərin tanış olmalarına imkan verən yerlərdən asmaq yolu ilə, habelə internet vasitəsilə ictimailəşdirilib, seçicilərin özlərinin və yaxınlarının adlarını tapmaq, zəruri dəqiqləşmələr aparmağa şərait yaradan MSK-nın internet səhifəsi müvafiq proqramla onların istifadəsinə verilib. Bu il də bu və ya digər səbəbdən vaxtında daimi seçici siyahılarına daxil edilməmiş seçicilərimiz səsvermə günü də daxil olmaqla belə imkana malik olacaqlar.

Son əlavə və dəyişikliklərlə əlaqədar Seçki Məcəlləsinin xeyli sayda yeni variantı hazırlanıb, habelə qarşıdan gələn parlament seçkilərinin hazırlanıb həyata keçirilməsini təmin etmək məqsədilə 10 topluda cəmləşmiş bəzi normativ-hüquqi xarakterli aktlar qəbul edilib, bəzilərinə isə əlavə və dəyişikliklər olunub.

Seçki prosesində istifadə ediləcək bütün sənəd nümunələri lazımi sayda hazırlanaraq aşağı seçki komissiyalarına çatdırılıb, habelə digər seçki subyektlərinin istifadəsi üçün internet səhifəsində yerləşdirilib. Maarifləndirmə istiqamətində çoxsaylı işlər davam etdirilir. Prezidentin sərəncamına əsasən 2006-cı ildən bəri mütəmadi keçirilən və 5 000-dən artıq seçki komissiyasını əhatə edən builki seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların DSK sədrləri üçün təşkil edilmiş bir həftəlik birinci mərhələsi başa çatıb, ikinci mərhələ isə regionlarda davam etməkdədir. Məqsədimiz seçki təşkilatçılarının peşəkarlığını artırmaqdır. Digər seçki subyektlərinin maarifləndirilməsi üçün MSK-nın üzvləri və əməkdaşları tərəfindən İctimai Televiziyanın və AzTV-nin imkanlarından istifadə etməklə geniş maarifləndirmə proqramları həyata keçirilir.

Bu il də seçicilərimizə bütün məntəqələrin ərazilərində quraşdırılmış çoxsaylı lövhələrdən namizədlərin proqramları ilə müqayisəli şəkildə tanış olmaq, qapalı və açıq yerlərdə bütün namizədlər üçün yaradılmış bərabər şəraitdə öz namizədləri ilə görüşmək imkanı veriləcək, özündə səsvermə prosedurlarını əks etdirən xüsusi bildirişlərlə seçicilərimiz seçkilərə dəvət olunacaqlar.

MSK-nın bütün seçki subyektləri, habelə beynəlxalq qurumlarla daim əməkdaşlıq etmək arzusu və bu istiqamətdə əldə edilmiş nəticələr ictimaiyyətimizə bəllidir. Aşağı seçki komissiyaları rəsmiləri üçün çoxsaylı treninqlərin keçirilməsi, səlahiyyətli şəxslərlə birgə seçki prosesinə qanunsuz müdaxilələrin yol verilməməsinə dair tədbirlərin təşkil edilməsi, şikayətlərə baxılması qaydalarının müəyyən olunması və s. bu kimi tədbirlər məhz nüfuzlu beynəlxalq qurumlarla birgə fəaliyyətimizin nəticəsidir.

Qarşıdan gələn seçkilərdə namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkiqabağı təşviqatın aparılması, seçkilərə qanunsuz müdaxilələrin yol verilməməsi, azad və ədalətli səsvermənin təşkili, səslərin sayılması, seçki prosesinin izlənməsi, səsvermənin və seçkilərin yekunlarının müəyyən olunması, vaxtında ictimailəşdirilməsi və dərc edilməsi üçün bütün zəruri tədbirlər görülüb və bu proses davam etməkdədir. Seçki hüququnun pozulmasına yönəlmiş istənilən fəaliyyətin qarşısının alınması və pozulmuş hüququn bərpası əsas məqsədlərimizdən biridir.

Sadalanan imkanlar və şərtlər ölkədə mövcud olduğundan qarşıdan gələn seçkilərin daha şəffaf və daha demokratik keçiriləcəyinə inanırıq.

- Bu günlərdə ATƏT-in Bakı ofisinin bir sıra tövsiyələri olub. Bu tövsiyələrə pulsuz efir vaxtının artırılması, namizədlərin qeydə alınmasının və şikayətlərə baxılmasının sadələşdirilməsi daxildir. Bu tövsiyələrə münasibətiniz necədir?

- Yalnız pulsuz efir vaxtından istifadə edib seçkidə qalib gəlmək meylləri dünyada nadir hallardandır. Bizim qanunvericilikdə mübarizə aparan tərəflərə pulsuz efir vaxtı və mətbuatda dərc olunmaq imkanları verilir. İctimai Televiziya və Radio Yayımları Şirkəti və müvafiq nəşrlər hüququ olan subyektlərə belə şərait yaradır. Heç kimə sirr deyil ki, mübarizəyə qoşulan tərəfin qalib gəlməsi üçün özünü elektorata tanıtmaq və insanları inandırmaq üçün bəlli bir gücü olmalıdır. Bu gücü müəyyən edən çoxsaylı faktorlardan biri də maliyyə imkanlarıdır. Seçkinin mahiyyəti güclünü və zəifi müəyyən etməkdən ibarətdir. Əslində qanunvericiliyimiz imkan verir ki, digər təşviqat üsulları ilə yanaşı, çoxsaylı KİV-də ödənişli əsaslarla təşviqat aparılsın. Bunun üçün seçki fondu formalaşdırılmalıdır. O başqa məsələdir ki, lazımi həddə seçki fondu formalaşdırmaq bir o qədər də asan deyil. Əslində fondu formalaşdırmağın özü də dolayısı ilə əksər hallarda seçicinin münasibətini müəyyən edən hallardandır. Çünki ölkəmizdə sürətlə artan iqtisadi imkanlar fonunda belə seçicilərimizin sayı az deyil.

Namizədliyin irəli sürülməsi ilə əlaqədar sadələşməyə gəldikdə isə qeyd etmək lazımdır ki, bizim qanunvericilikdə namizəd olmaq istəyən hər bir şəxsdən demək olar ki, bir bildiriş və bir öhdəlik ərizəsinin yazılması tələb olunur. Haradasa bundan artıq sadələşdirmə təcrübəsinin mövcudluğuna dair məlumata malik deyiləm. Şikayətlərə baxılma qaydalarını isə qeyd etdiyim kimi, Avropa Şurası Venesiya Komissiyasının ekspertləri ilə birgə işləmişik. Amma qeyd olunmalıdır ki, seçki prosesinin daha rahat və asan olması istiqamətində daim işlər görülüb və bu proses dayanmayıb.

- Qarşıdan gələn parlament seçkilərində namizədlərə təşviqat aparmaqdan ötrü ayrılacaq açıq və qapalı yerlərin sayının əvvəlki seçkilərlə müqayisədə artırılması nəzərdə tutulurmu?

- Bizim seçkidə geriyə yox, irəliyə getmək tendensiyamız var. Qeyd etdiyim kimi, bu il də seçkiqabağı təşviqat üçün ayrılmış qapalı və açıq yerlər yenə qalacaq. Onların sayının artırılması istisna deyil. Ancaq bir şeyi deyim ki, bu məsələ ilk dəfə müzakirə olunanda hər bir seçki dairəsinin ərazisində mümkünlük məsələsi müzakirə olunub. Yəni mümkün yerlərin hamısı ayrılıb.

- Mərkəzi Seçki Komissiyası bu seçkiyə də tam formalaşmamış heyətlə gedəcək?

- Bu, Milli Məclisin səlahiyyətində olan məsələdir. Tamlıq məsələsi öz-özlüyündə nisbi məsələdir. Hüquqi baxımdan tamlıq o vaxt olur ki, qərar qəbul etmək səlahiyyəti olan kvorum formalaşsın. Hazırda həmin kvorum MSK-da mövcuddur. MSK üzvlərinin sayı 18 nəfər olmalıdır. İndi bu say 15-dir. Qərarların qəbul olunması üçün MSK üzvlərinin sayı kifayətdir. Bu hal seçkinin təşkil olunmasına maneə törətmir.

- MSK-nın son iclasında DSK-ların dislokasiyasında dəyişiklik edildi. Bunun mahiyyəti nədən ibarətdir və dəyişiklik neçə dairəni əhatə etdi?

- Bizdə üçpilləli komissiyalar fəaliyyət göstərir, həmin komissiyalar müvafiq ərazilərə aiddir. Azərbaycan dövlətinin ərazisi 125 hissəyə bölünüb. Bu, Milli Məclisdəki kresloların sayını müəyyən edir. Hər bir ərazidə seçki dairəsi yaradılıb. Hər seçki dairəsi üzrə seçicilərin sayı ölkə seçicilərinin sayının 125-ə bölünməsi yolu ilə alınır. Qanunvericilik deyir ki, dairələr hər beş ildə bir dəfə yenidən yaradılmalıdır. Hər beş ildən sonra əhalinin sayında artma, azalma, daxili miqrasiya, kənardan gəlmələr və s. mümkündür. Nəticədə seçki dairələrinin dislokasiyasında dəyişiklik zərurəti yarana bilər. Bu zərurət prezident seçkiləri vaxtı bir o qədər hiss olunmaya bilər. Çünki seçicilər bir nəfəri vahid dairədən prezident seçir. Milli Məclisə keçirilən seçkilər zamanı 125 nəfər seçilir. Bu zaman mümkündür ki, bir deputatı 30 min seçici, başqasını isə 60 min seçici seçsin. Belə olduqda bərabərlik pozulur. Bu bərabərliyin qorunması üçün dislokasiyada dəyişiklik edilməlidir. Həmçinin bəzi komissiyaların adlarında, bəzilərinin ərazilərində dəyişiklik edildi. Dəyişikliklərlə bağlı qərar bütün 125 dairənin hamısına aid olsa da faktiki dəyişiklik 15 dairəni belə əhatə etmədi. Bu hüquqi tələbdir və heç bir siyasi məqsəd daşımır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR