Ali Baş Komandan: “Biz sübut etdik ki, münaqişənin hərbi həlli var”

Ali Baş Komandan: “Biz sübut etdik ki, münaqişənin hərbi həlli var”
# 10 dekabr 2020 14:27 (UTC +04:00)

“Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasıya aktına imza atıb”.

APA-nın məlumatına görə, bunu bu gün Bakının Azadlıq Meydanında keçirilən “Zəfər paradı”nda çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Ali Baş Komandan deyib ki, bu kapitulyasiya aktına görə bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarılıb, Azərbaycan bayrağı oralarda qaldırılıb: “Bu onu göstərir ki, biz müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanmışıq. Halbuki bir çoxları, xüsusi ilə bu məsələ ilə məşğul olan vasitəçilər dəfələrlə demişdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Amma biz sübut etdik ki, münaqişənin hərbi həlli var. Əks təqdirdə bu nə hərb, nə sülh vəziyyəti bundan sonra da 30 il də davam edə bilər. Nə qədər biz buna dözə bilərdik, nə qədər səbir göstərə bilərdik? Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqının səbri tükənib və Ermənistan işğal olunmuş torpaqlardan öz xoşu ilə çıxmasa, biz onları oradan qovacağıq. Onlar rədd olmalıdırlar bizim torpaqlarımızdan! Bunu mən müharibədən əvvəl və müharibə dövründə demişəm. Xalqa müraciətlərimdə, xarici mətbuat orqanlara verdiyim müsahibələrdə demişəm. Dedim ki, Ermənistan rədd olmalıdır bizim torpaqlarımızdan! Öz xoşu ilə etiraf etməli və çıxmalıdır, əks təqdirdə, sona qədər gedəcəyik və sona qədər getdik. Ona görə biz döyüş meydanında qələbə qazandıq. Ondan sonra siyasi müstəvidə qələbə qazandıq. Düşməni məcbur etdik ki, Kəlbəcər, Ağdam və Laçın rayonlarını azad etsin və bizim torpaqlarımızı tərk etsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR