Azərbaycan Prezidenti: “Bu gün hər bir azərbaycanlı haqlı olaraq fəxr edə bilər ki, biz müzəffər xalqın övladlarıyıq”

Azərbaycan Prezidenti: “Bu gün hər bir azərbaycanlı haqlı olaraq fəxr edə bilər ki, biz müzəffər xalqın övladlarıyıq”
# 01 yanvar 2021 00:51 (UTC +04:00)

“Azərbaycan Ermənistanı məğlub etdi. Bunu bütün dünya gördü, bu, dünyanın gözü qarşısında baş verdi. Heç kimi bizi dayandıra bilmədi. Demişdim ki, sona qədər gedəcəyik, tarix versinlər bizə, tarix versinlər ki, işğalçı Ermənistan dövləti bizim torpaqlarımızdan nə vaxt çıxacaq. Tarix veriləndən sonra biz hərbi əməliyyatlarımızı dayandırdıq”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqa müraciətində deyib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqı təbrik edən Azərbaycan Prezidenti bildirib ki, bu dəfə təbrikin xüsusi önəmi var: “Mən bilirəm ki, dünyada yaşayan azərbaycanlılar müharibə dövründə Azərbaycanda gedən prosesləri, müharibəni yaxından izləyiblər. Onlar öz dəstəyini ifadə edirdilər. Mənə göndərilən minlərlə məktub arasında xaricdə yaşayan azərbaycanlılardan da kifayət qədər çox məktublar vardır. Onlar həm mənəvi dəstək göstərdilər, həm də həmrəylik göstərdilər. Bu gün onlara müraciət edərək deyirəm, siz fəxr etməlisiniz və fəxr edə bilərsiniz ki, qəhrəman Azərbaycan xalqının övladlarısınız. Bu gün hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı və xaricdə yaşayan soydaşlarımız haqlı olaraq fəxr edə bilərlər ki, biz müzəffər xalqın övladlarıyıq, nümayəndələriyik.

Mən bütün soydaşlarımızı bu bayram münasibətilə təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqını, ilk növbədə, tarixi Zəfər münasibətilə təbrik etmək istəyirəm. Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR