Azərbaycan Prezidenti: “Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir”

Azərbaycan Prezidenti: “Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir”
# 06 iyul 2020 21:43 (UTC +04:00)

“Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.

Dövlət başçısı ötən gün “Fairmont” hotelində karantin rejiminin pozulması ilə bağlı hadisəyə də münasibət bildirib: “Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq”.

Azərbaycan Prezidenti əlavə edib ki, eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır: “Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR