Azərbaycan Prezidenti: "Gənc nəslin tərbiyə edilməsi çox önəmli məsələdir və burada milli-mənəvi dəyərlər ön plandadır"

Azərbaycan Prezidenti: "Gənc nəslin tərbiyə edilməsi çox önəmli məsələdir və burada milli-mənəvi dəyərlər ön plandadır"
# 05 mart 2021 21:10 (UTC +04:00)

“Gənc nəslin tərbiyə edilməsi hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələdir. O ölkələrdə ki, bu məsələyə fikir verilmir, o ölkələr vaxt keçdikcə böyük problemlərlə üzləşə bilərlər. Çünki dünyada gedən proseslər deməyə əsas verir ki, bəzi yerlərdə bu proses kortəbii şəkildə aparılır. Belə olan halda, əlbəttə ki, gələcəkdə - 10 ildən, 20 ildən sonra çox ciddi problemlər yaşana bilər. Əgər gənc nəsil tərbiyə edilməsə, əgər gənc nəslə ümumbəşəri dəyərlər aşılanmasa, o zaman gələcəkdə problemlər qaçılmazdır”.

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev partiyanın VII qurultayındakı yekun nitqində bildirib.

Dövlət başçısı qeyd edib ki, bu gün nəsillər dəyişdikcə bəzi ölkələrdə radikal qüvvələr ya hakimiyyətə gəlir, ya da ki, ildən-ilə, seçkilərdən-seçkilərə onlara verilən səslərin sayı çoxalır: “Onların arasında faşist partiyaları var, onların arasında islamofob şüarlarla hakimiyyətə gəlmək istəyənlər var, onların arasında radikallar var. Bütün bunlar onu göstərir ki, tərbiyə işində boşluqlar olub. Sadəcə olaraq, ölkələrin təhsil sistemi bu sahəyə diqqət yetirməyib. Amma tərbiyə həm dərslər zamanı verilməlidir, eyni zamanda, ölkədə hökm sürən ab-hava ilə - o da tərbiyə üsullarından biridir. Məsələn, əgər Azərbaycanı misal gətirsək, bizdə iqtidarın siyasəti xalq tərəfindən məhz ona görə dəstəklənir ki, iqtidarın siyasəti xalqın maraqlarını güdür. Harada ki, xalqın maraqları ön plandadır, o ölkələrdə nəsildən-nəslə keçən ənənələrlə yaşayır və biz bu ənənələri yaşatmalıyıq. O ölkələrdə ki, milli identifikasiya artıq arxa plana keçir, o ölkələrdə ki, ənənəvi dəyərlər demək olar ki, deqradasiyaya uğrayır, o ölkələrin gələcəyi çox problemli ola bilər”.

Hazırda qlobal dünyada, qlobal informasiya məkanında yaşadığımızı vurğulayan Azərbaycan Prezidenti bildirib ki, Azərbaycan daim informasiya hücumuna məruz qalan ölkədir və bizə qarşı nə qədər çirkin kampaniyalar aparılıb, istisna edilmir ki, gələcəkdə də aparılacaq: “Ölkəmizin imicini aşağı salmaq, ölkə daxilində inamsızlıq yaratmaq, saxta faktlar ortaya atmaq – bütün bunların bir məqsədi var, çaxnaşma, xaos şəraitində gələcəkdə, hansısa xarici dairələr üçün zəmin yaratmaq. Biz buna imkan verə bilmərik. Ona görə gənc nəslin tərbiyə edilməsi gündəlik fəaliyyətimiz olmalıdır. Həm ali məktəblərdə, ilk növbədə, ailələrdə və eyni zamanda, siyasi partiyalarda buna fikir verilməlidir. Siyasi partiyalarda fəaliyyət göstərən gənc nəslə elə təlimat verilməlidir ki, onlar gələcək həyata hazırlıqlı olsunlar, onlar ölkəmizin müstəqilliyini hər şeydən üstün tutsunlar. Burada, əlbəttə ki, təcrübəli nəslin fəaliyyətindən çox şey asılıdır. Misal üçün, Yeni Azərbaycan Partiyasında Veteranlar Şurası yaradılıb. Hesab edirəm ki bu, çox önəmli addımdır. Bu Veteranlar Şurasının tərkibində tanınmış hörmətli insanlar fəaliyyət göstərəcəklər. Mən onlardan da xahiş edirəm ki, onlar da çox fəal olsunlar, bölgələrdə olsunlar, gənc nəslin nümayəndələri ilə görüşsünlər. Ölkə haqqında həqiqətləri gənc nəsil bilmir, hansı ki, 1991-1992-ci illəri görməyiblər. Bu haqda məlumat verilməlidir ki, onlar bilsinlər, biz nəyin bahasına bugünkü reallıqları əldə etmişik. Vətən müharibəsi ilə bağlı, postmüharibə dövrü ilə bağlı məlumatlar verilməli, bütün bunlar izah edilməlidir. Çünki xaricdən, oradan-burdan yalan, saxta məlumatlar gəlir və bəzi hallarda gənc insanlar buna inanırlar. Məhz o hesabat da bunun üzərində qurulur və gənc nəslimizin milli ruhda, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi ən başlıca vəzifələrdən biridir. Ənənələrimiz, dəyərlərimiz, yaşayış tərzimiz – bütün bunlar bizim sərvətimizdir, biz bunu itirə bilmərik və itirməməliyik. Ona görə gənc nəslin tərbiyə edilməsi çox önəmli məsələdir və burada milli-mənəvi dəyərlər ön plandadır. Digər önəmli məsələ isə odur ki, - Yeni Azərbaycan Partiyası həmişə bu sahədə fəal olub, bizim dövlət siyasətimiz də bu sahədə birmənalıdır, - Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi yaşayırlar və bundan sonra da bir ailə kimi yaşayacaqlar. Bu, bizim böyük sərvətimizdir. Mən də müxtəlif tədbirlərdə demişəm ki, bizim dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR