Azərbaycan Prezidenti: "Ötən il xarici turistlər təkcə bank kartları ilə Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləyib"

Azərbaycan Prezidenti: "Ötən il xarici turistlər təkcə bank kartları ilə Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləyib"
  • Clock-gray 03:56
  • calendar-gray 14 Yanvar 2020

Görülmüş bütün işlər, o cümlədən beynəlxalq arenadakı mövqelərimiz, bir çox ölkələrlə dostluq münasibətlərimizin qurulması, ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq - bütün bunlar turizmin inkişafına böyük təkan vermişdir.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Dövlət başçısı bildirib ki, turizmin inkişafı yalnız tarixi abidələrlə, yaxud da hansısa diqqəti, marağı cəlb edən məsələlərlə məhdudlaşmır: "Bugünkü dünyada elə bir bölgə yoxdur ki, orada problem olmasın, özü də çox ciddi problem. Qeyd etdiyim kimi, müharibələr, qarşıdurmalar, çevrilişlər, kütləvi etirazlar, polis zorakılığı, insan haqlarının tapdalanması - əlbəttə, o ölkələrdə ki, dediyim bütün bu mənzərə mövcuddur, orada turist axını da tənəzzülə uğrayır".

Prezident İlham Əliyev deyib ki, Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir: "Ötən il turistlərin səfərləri rekord həddə çatıb – 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlmişdir. Mənə verilən məlumata görə, təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləmişlər. Ancaq bütövlükdə nəzərə almalıyıq ki, gələn turistlər əsasən qonşu ölkələrdəndir və bizdə olduğu kimi, orada da hələ ki, nağd hesablaşmalar üstünlük təşkil edir. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Mən bunu manatla deyirəm, amma, əslində, bu, valyutadır. Bu valyuta, eyni zamanda, bir növ ixrac növüdür. Bizim makroiqtisadi vəziyyətimizin sabit olmasında da bunun çox böyük rolu var. Əlbəttə, biz əsas valyutanı neft-qaz satışından qazanırıq. Halbuki qeyri-neft sektorunda ixracın 14 faiz artması indi bu sektordan da valyuta axınını təmin edir. Turizmin inkişafı bundan sonra da diqqət mərkəzində olacaqdır".

apa-logo-mini

Digər xəbərlər