Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir
# 24 dekabr 2019 20:00 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir.

Serbiyanın Prezidenti Aleksandr Vuçiçin İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizin və onun bütün vətəndaşlarının rifahı naminə məsul vəzifənizdə uğurlar arzu edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycanda qazanılmış bütün uğurlar və yüksək nəticələr Sizin səmimi dostunuz kimi məni sevindirir. Əminəm ki, Siz öz müdrik qərarlarınız və zəngin siyasi təcrübəniz sayəsində bundan sonra da ölkənin inkişafını təmin edəcəksiniz. Bu, etibarlı sülh və iqtisadi tərəqqi yolunu təmin etməyinizə imkan yaradacaq.

Mən fəxr edirəm ki, ölkələrimiz arasında coğrafi məsafənin böyük olmasına baxmayaraq, Serbiyanın Prezidenti olduğum dövrdə Azərbaycanla strateji tərəfdaşlıq əsasında səmimi dostluq münasibətləri inkişaf edir və buna Sizin şəxsi töhfəniz ölçüyəgəlməzdir. Bu səbəbdən Serbiyada Sizə dərin hörmət bəsləyirlər. Fürsətdən istifadə edib hərtərəfli əməkdaşlığımıza kömək məqsədilə Sizinlə bundan sonra da birgə işləmək əzmində olduğumuzu təsdiq edirəm. Əminəm ki, Serbiyanın və serb xalqının böyük dostu kimi Serbiyaya səfər etsəydiniz, iki ölkənin yaxın münasibətlərində xüsusi iz qoymuş olardınız. Buna görə bizi bu şərəfə layiq görməyə dəvət edirəm.

Hörmətli Prezident, biz qərarlar qəbul edilməsində müstəqillik prinsipinə şərik olduğumuza, azadlıqsevərlik ənənələrini yüksək qiymətləndirdiyimizə görə, icazə verin, Kosovonun birtərəfli qaydada elan etdiyi müstəqilliyinin tanınmaması barədə qətiyyətli mövqeyinizə, həmçinin beynəlxalq təşkilatlarda Serbiyanı dəstəklədiyinizə görə Sizə xüsusi təşəkkürümü bildirim. Serbiya da suverenliyə və ərazi bütövlüyünə hörmət bəslənməsinə qəti şəkildə sadiqdir və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş səyləri alqışlayır.

Cənab Prezident, səmimi təbriklərimi, həmçinin Sizə böyük hörmətimi qəbul edin”.

“Qazprom” Publik Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Aleksey Millerin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə “Qazprom” Publik Səhmdar Cəmiyyəti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, səmərəli və uğurlu fəaliyyət, Azərbaycanın və bütün xalqınızın rifahı naminə yeni-yeni nailiyyətlər arzulayıram”.

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayev də Azərbaycanın dövlət başçısını təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri,

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin adından və şəxsən öz adımdan Sizə dərin ehtiramımı bildirim və doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırım.

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı baxımından Azərbaycan Respublikasının Prezidenti kimi Sizin fəaliyyətinizi, ölkənin iqtisadi və sosial inkişafı istiqamətində göstərdiyiniz xidmətləri çox yüksək dəyərləndirir.

Bu danılmaz və mühüm nailiyyətlər əyani şəkildə göstərir ki, Azərbaycan Respublikası bu gün ölkə həyatının bütün sahələrində irəliləyir, beynəlxalq arenada inteqrasiya proseslərinin dərinləşməsində, region dövlətlərinin və xalqlarının dostluq və əməkdaşlığının inkişafında onun rolu daha da güclənir və böyük önəm qazanır.

Bununla əlaqədar olaraq, Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin “TRACECA” fəaliyyətinin 20-ci ildönümünə və “TRACECA” Hökumətlətrarası Komissiyasının 14-cü iclasına həsr edilmiş yubiley konfransının iştirakçılarının ünvanına göndərdiyiniz təbrik məktubuna görə Sizə xüsusi təşəkkürümü bildirmək istərdim.

Fürsətdən istifadə edərək, həm milli, həm də beynəlxalq səviyyədə “TRACECA”nın fəaliyyətinə daimi dəstəyinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm.

İcazə verin, belə bir fikirlə sözsüz razılaşdığımı bildirim ki, nəqliyyat sferasında əməkdaşlıq amilinə böyük diqqət yetirən Azərbaycan Respublikası bizim “TRACECA” proqramı üzrə fəaliyyətimizi qarşıdan gələn dövr üçün “TRACECA” ölkələrinin nəqliyyat sektorunun inkişafı baxımından yeni mərhələnin başlanğıcı kimi dəyərləndirir.

Zati-aliləri, icazə verin, yuxarıda qeyd edilənlərlə əlaqədar Sizə belə bir məlumat çatdırım ki, “TRACECA” Hökumətlərarası Komissiyasının 2019-cu il 6 dekabr tarixli qərarına uyğun olaraq, Komissiyanın Bakıda keçirilən 14-cü iclasının gedişində Azərbaycan “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi seçilib və 2019-cu il dekabrın 20-dən etibarən Daimi Katibliyin mənzil qərargahında öz vəzifələrinin icrasına başlayıb.

Çox hörmətli İlham Heydər oğlu, ən səmimi salamlarımı, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləklərimi qəbul etməyinizi Sizdən xahiş edirəm”.

Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazisi Qurumunun başçısı İrina Vlaxın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir:

“Möhtərəm Prezident.

İcazə verin, Moldova Respublikası Qaqauz Yeri Muxtar Ərazi Qurumunun İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan Sizə hörmət və ehtiramımı bildirim.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik. Sizə möhkəm cansağlığı, tükənməz həyat enerjisi, ruh yüksəkliyi, nikbinlik və Azərbaycan Respublikasının tərəqqisi, rifahı naminə məsul işinizdə uğurlar arzulayırıq.

Siz ən ambisiyalı məqsədlərə nail olmağa qadir çox bacarıqlı və uğurlu rəhbər keyfiyyətlərinə maliksiniz. Siz zirvələrə çatmağa, ictimaiyyət arasında geniş hörmət və nüfuz qazanmağa nail olmusunuz.

Sizin böyük məqsədə yönəlmiş təcrübəniz dəqiq və çoxşaxəli fəaliyyətinizdə uğurun rəhnidir. Arzum budur ki, daim xeyirxahlıq, səmimiyyət və qarşılıqlı anlaşma mühitində olasınız, məsləkdaşlarınızın dəstəyi həyatda üzləşdiyiniz çətinlikləri dəf etməkdə Sizə qüvvət versin.

Qaqauz Yeri Muxtar Ərazi Qurumu ilə Azərbaycan Respublikası arasında çoxsaylı birgə layihələrdə əksini tapan əməkdaşlığın inkişafı Qaqauz Yeri Muxtar Ərazi Qurumunun rəhbərliyi üçün vacib və perspektivlidir.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edib Sizə yüksək ehtiramımızı bildiririk”.

Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yanğın Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Ad gününüz münasibətilə Sizi Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) adından səmimi qəlbdən təbrik edirik.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının inamlı inkişafını, iqtisadiyyatın və sosial sahənin modernləşdirilməsini dəstəkləyir, Uca Allahdan Sizə bu yolda səbir və güc verməsini arzulayırıq.

Azərbaycanın hərtərəfli inkişafı istiqamətində uğurlu fəaliyyətiniz, ordu quruculuğunun yüksək səviyyədə təşkili, təhsilə, idmana və digər önəmli sahələrə qayğınız, xalqın rifah səviyyəsinin yüksəldilməsinə verdiyiniz töhfələr danılmazdır.

Azərbaycan və Türkiyə arasında bu gün strateji tərəfdaşlıq xarakteri almış ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Siz xüsusi töhfə vermisiniz. Sizi əmin etmək istəyirik ki, Azərbaycan Türkiyə İş Adamları Birliyi olaraq, bu siyasətin həyata keçirilməsinə daim səy göstərəcəyik.

Fürsətdən istifadə edərək, təşkilatımızın fəaliyyətinə verdiyiniz dəstəyə görə, Sizə bir daha təşəkkür edirik.

Bəşəriyyətə və ölkəyə xidmət edərkən qədəm qoyduğunuz bu yaşınızı bir daha ürəkdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”.

“LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərovun Azərbaycanın dövlət başçısına ünvanladığı təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan Respublikasının tanınmış lideri və vətənpərvəri olaraq Siz həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda böyük nüfuz və hörmət qazanmısınız. Siz uzun illərdir ki, Xəzər regionunda sabitliyin etibarlı qarantlarından biri kimi çıxış etməklə bütün enerjinizi, müdrikliyinizi və təcrübənizi ölkənin firavanlığının, onun vətəndaşlarının rahatlığının və əmin-amanlığının təmin edilməsinə yönəldirsiniz.

Fürsətdən istifadə edib “LUKoyl” şirkətinin Azərbaycandakı fəaliyyətini daim dəstəklədiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizi əmin etmək istərdim ki, “LUKoyl” şirkətinin azərbaycanlı tərəfdaşlarla əməkdaşlığının uğurla davam etməsi və ölkələrimizin mənafeyi naminə genişlənməsi üçün hər cür səy göstərəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, əmin-amanlıq, tükənməz enerji və məsul dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Azərbaycan Prezidentinə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin çoxşaxəli fəaliyyətiniz, Azərbaycanın tərəqqisi naminə yorulmadan çalışmağınız ən yüksək hörmətə layiqdir.

İcazə verin, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan Respublikasının firavanlaşmasını arzulayım”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR