Azərbaycanda 20-dək siyasi partiya qərargahla təmin edilib - REPORTAJ

Azərbaycanda 20-dək siyasi partiya qərargahla təmin edilib - REPORTAJ
# 31 mart 2021 18:42 (UTC +04:00)

Fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.

İqtisadiyyat Nazirliyindən APA TV-yə verilən məlumata görə, son 4 ayda 20-dək siyasi partiya yeni qərargahla təmin edilib.

2020-ci ilin 30 iyun tarixində Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınan AĞ Partiyanın başqanı Tural Abbaslı deyir ki, rəhbərlik etdiyi partiya hökumətlə müxalifətin dialoqa başlamasından sonra qeydiyyata alınıb və bu ilin yanvar ayında dövlət tərəfindən yeni qərargahla təmin edilib: “Hesab edirəm ki, partiyaların mərkəzi qərargahının olması olduqca önəmlidir. Partiyaların işinin 50 faizini mərkəzi qərargahların olması həll etmiş olur. Çünki bir vaxtlar partiyada kiminləsə görüşmək istədikdə, onu məcbur olub çayxanaya və ya kafeyə dəvət etməli olurduq. Bu zaman isə həm maddi imkan çatmır, həm də bu, qeyri-ciddi alınır”.

Tural Abbaslı deyib ki, fəaliyyət göstərdikləri bu müddət ərzində ən çox qarşılaşdıqları problemlərdən biri də məhz qərargah binasını icarəyə götürə bilməmələri olub. Buna səbəb isə cəmiyyətdə hələ də siyasi partiya anlayışının düzgün qarşılanmamasıdır: “Çünki heç özün öz maliyyən ilə belə kirayə tuta bilmirdin. Kirayə verənlər biləndə ki, ofisi icarəyə götürən siyasi partiyadır, xüsusilə də müxalifəti təmsil edir, o zaman qorxurdular, çəkinirdilər. Ona görə də bu, bizim üçün ciddi problem idi. Təbii ki, bizim partiyanın da qərargahla təmin edilməsini olduqca müsbət hal kimi qarşıladıq. Ədalət Vəliyevlə baş tutan dialoqda 95 faiz partiyalar da məhz mərkəzi qərargahın olmaması problemini qaldırmışdı. Son bir ildə, görürsüz, münasibətlər necə qaydasına düşüb, sivilləşib. Partiyalar tənqidini də edir, etirazını da bildirir, hətta lazım gələndə dünya ictimaiyyətinə birgə bəyanatlar da verir. Şuşada uğur qazananda Prezidenti də təbrik edir. Ümummilli məsələdə bir araya gəlir, bir sözlə, problemlər dialoq vasitəsilə həll oluna bilir".

Mərkəzi qərargahı Yasamal rayonunda yerləşən Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirib ki, hazırda fəaliyyət göstərdikləri partiyanın ofisi dörd otaqdan ibarətdir və 140 kvadratmetrə yaxın sahəsi var. Bina İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə aid olduğuna görə dövlət rüsumu ilə müqavilə imzalanıb. Dövlət rüsumu simvolik rəqəmdir, bu baxımdan ofisi bağışlanmış kimi də qiymətləndirmək olar. Çünki bundan öncəki illərdə ofissizlik səbəbindən partiyanın fəaliyyətində ciddi axsamalar olub. Hətta sədr bir müddətlik siyasi fəaliyyətini də dayandırıb. Yeni qərargahın verilməsi isə partiyaya ikinci nəfəs gətirib: “Partiyamız 1994-cü ildə yaradılıb, bu illər ərzində bir sıra ofislərdə fəaliyyət göstərib. Qərargah olmadan fəaliyyət göstərmək əslində partiyanın fəaliyyətinin minimuma enməsidir. Qərargahın olmaması səbəbindən üzvlərimizin bir hissəsini itirdik. Gözləmədiyimiz halda bizə bildirildi ki, Prezidentin tapşırığı var siyasi partiyalar qərargahla təmin olunsun. Və bu siyahıda bizim partiyanın da adının olması bizə sürpriz oldu. Qeyd edim ki, son dövrlər cənab Prezident siyasi partiyalara xüsusi diqqət göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR