Baş nazirin müavini: “Bəzi məkrli qüvvələrin Orduya dəstək yürüşündən istifadə etmək cəhdi təəssüf doğurmaya bilməz”

Baş nazirin müavini: “Bəzi məkrli qüvvələrin Orduya dəstək yürüşündən istifadə etmək cəhdi təəssüf doğurmaya bilməz”
# 15 iyul 2020 12:57 (UTC +04:00)

“İyul ayının 14-də gecə saatlarında Azərbaycan gənclərinin Ordumuza dəstək məqsədilə çoxminli yürüşü keçirilib. Gənc vətənpərvər insanlarımızın Azərbaycan Ordusuna dəstək yürüşü ordu-xalq birliyinin bariz ifadəsi, əsgərlərimizin Vətənimizin naminə rəşadətlərinin ilham mənbəyi kimi qürurverici hadisədir. Bu yürüş həm də erməni quldur ordusuna, bütünlükdə işğalçılara Azərbaycanın gücünü, mətanətini və qətiyyətini nümayiş etdirdi”.

APA-nın məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

O qeyd edib ki, lakin bəzi məkrli qüvvələrin saf niyyətli vətənpərvər gənclərimizin Ordumuza və əsgərlərimizə mənəvi dəstək yürüşündən öz çirkin məqsədləri üçün istifadə etmək cəhdləri təəssüf doğurmaya bilməz: “Yürüşün keçirildiyi bir vaxtda səsləndirilən təhrikçi çağırışlar, ictimai asayişi pozmaq cəhdləri kimlərinsə ölkədə sabitliyə zərbə vurmaq, xalqın birliyi və həmrəyliyinə nifaq salmaq arzusu olub, mahiyyət etibarilə düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Xalqımızın Vətən uğrunda həlak olan qəhrəmanlarını son mənzilə yola saldığı, əsgərlərimizin yağı düşmənlərinin hücumlarının qarşısını alıb onlara sarsıdıcı zərbələr endirdiyi həssas bir zamanda daxili sabitliyi pozmağa cəhd göstərənlərin əməlləri arxadan vurulan bıçağı xatırladır. İnsanlarımızın xoşniyyətli yürüşündən bəd məqsədlərlə istifadə etmək, qarşıdurma yaratmaq, süni surətdə ictimai narazılıq toxumu səpmək yolu ilə xalqın birliyini pozmaq istəyənlərə ar olsun. Unutmasınlar ki, Vətənini, Xalqını, Dövlətini, Prezidentini ürəkdən sevən hər bir Azərbaycanlı onlara qarşıdır, onlara nifrət edir. Bu isə on minlər, yüz minlər, milyonlar deməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR