Bir qrup idmançı Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti ünvanlayıb

Bir qrup idmançı Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti ünvanlayıb
# 16 iyul 2020 15:33 (UTC +04:00)

Bir qrup idmançının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti yayılıb.

APA-ya daxil olan müraciətdə deyilir:

“Artıq 30 ilə yaxındır ki, doğma Qarabağımız Ermənistan Respublikasının işğalı altındadır. BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsindən tutmuş Avropa İttifaqına, Avropa Şurasına, İslam Əməkdaşlıq Təşkilatına və digər mötəbər beynəlxalq təsisatlara qədər, bütün sivil dünya Qarabağın Azərbaycanın ərazisi olduğunu və Ermənistan tərəfindən işğal edildiyini dəfələrlə rəsmi hüquqi sənədlərdə açıq mətnlə təsbit etmişdir. Beynəlxalq hüququn, beynəlxalq ictimai rəyin, ən başlıcası tarixi ədalətin və tarixi faktların birmənalı şəkildə Azərbaycanımızın yanında olmasına baxmayaraq, Ermənistan bu illər ərzində işğalçı və təcavüzkar mövqeyindən geri çəkilmir, əksinə hərbi təxribatlarını artıq Qarabağda deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində - Tovuz istiqamətində davam etdirir.

İyul ayının 12-də düşmən təcavüzkar siyasətinə sadiq qalıb Tovuz rayonu istiqamətində növbəti hərbi təxribata imza ataraq iri çaplı silahlardan ərazilərimizi, mülki əhalinin məskunlaşdığı kəndlərimizi, faktiki mülki əhalini atəşə tutmuşdur. Erməni təxribatı nəticəsində 11 hərbi qulluqçumuz və bir mülki vətəndaşımız şəhid olmuşlar, yaralılarımız var. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.

Bizlər bu gün bir həqiqəti də bilməliyik. Son erməni təxribatı nəticəsində verdiyimiz Şəhidlərin qanı Ali Baş Komandanımızın və Ordumuzun qətiyyəti sayəsində artıq yerdə qalmayıb və bu qisas şəhidlərimizin ruhu və milli mənliyimiz naminə Qarabağı azad edəcəyimiz günədək davam edəcək! Biz ona da əminik ki, İlham Əliyev kimi iradəli və vətənpərvər Ali Baş Komandanı, yalnız qələbəyə köklənən Ordusu olan xalqımızın gözlədiyi həmin günə artıq çox yaxınlaşmışıq.

Müstəqil Azərbaycanımızın müqəddəs bayrağını mötəbər idman yarışlarında ən yüksəyə qaldırıb, himnimizin sədaları altında müxtəlif millətlərdən olan insanların ayaq üstə bizlərin, yəni həm də Sizlərin, əslində isə doğma Azərbaycanımızın qələbəsini necə alqışladığını görüb bundan qürur duymuş həmvətənlərimiz tək bizlər bu müraciəti etməyi özümüzə borc bilirik. Torpaqlarımızın 30 ilə yaxın müddətdə işğal olunmasının əsas səbəblərindən biri də zamanında bu cür təxribatlara uymağımız, belə cəhdlərə imkan verməyimiz, müqəddəs Qarabağ şüarları və sədaları altında əslində isə hansısa qrupların hakimiyyət uğrunda apardıqları mübarizəyə göz yummağımız, biganə qalmağımız, kənardan seyr etməyimiz olub. Lakin bu gün artıq həmin dövr deyil və bizlərin bir daha belə təxribatlara imkan verməyə milli və mənəvi haqqımız yoxdur. Bu cür təxribatları pərdə arxasından təşkil edənlər, məkrli arzularla yaşayanlar birmənalı şəkildə bilsinlər ki, onların oyunları artıq işləmir, gənclərimizi hansısa təxribatda alətə çevirmək istəyənlər mütləq ifşa olunacaq və qanuni cəzalarına çatdırılacaqlar. Bu ona görə lazımdır ki, bu cür təxribatlar xalqımızı müqəddəs məqsədindən, Qarabağımızdan uzaqlaşdırır, yalnız düşmənin maraqlarına xidmət edir. Açıq və gizli düşmənlərimiz qoy bilsinlər ki, bizlər Xalqımızın, Ali Baş Komandanımız cənab İlham Əliyevin və qələbəyə köklənən Ordumuzun yanındayıq ! Qarabağımızın azadlığına aparan yeganə yol da yalnız bu yoldur!

Sonda, hər zaman olduğu kimi indi də Azərbaycanımıza öz dəstəyini açıq şəkildə ifadə etmiş qardaş Türkiyəyə, onun sivil toplumuna, başda Türkiyə Prezidenti cənab Ərdoğan olmaqla bütün rəsmilərinə, bu ağır günlərdə ölkəmizə dəstəyini ifadə etmiş bütün dövlətlərə, beynəlxalq təşkilatlara öz adımızdan təşəkkür və ehtiramımızı bildiririk”.

Müraciət Millət vəkili, Azərbaycan Karate Federasiyaları Assosiasiyanın prezidenti Ülvi Quliyev, Karate üzrə 2 qat dünya çempionu, Qarabağ müharibəsi veteranı Füzuli Musayev, Taekvando Federasiyasının baş katibi, Qarabağ müharibəsi veteranı Həmdiyyə Məmmədov, Ənənəvi Karate Federasiyasının prezidenti, Dünya çempionu Rəhman Hətəmov, Dünya çempionu, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Əhməd Hətəmov, Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Veteranlar arasında Dünya çempionu Oqtay Məmmədov, 5 qat Dünya çempionu Rəfael Ağayev, Dünya və Avropa çempionu Niyazi Əliyev, Avropa və İslam oyunlarının qalibi Firdovsi Fərzəliyev, Şotokan Karate üzrə 7 qat Dünya çempionu Fariz Nəcəfov, Dünya və Avropa çempionu Rəşad Hüseynov, Avropa çempionu və Dünya mükafatçısı Ayxan Mamayev, Avropa çempionu və Dünya mükafatçısı Şahin Atamov, Ənənəvi karate üzrə Dünya çempionu Mehman Eynalov, Ənənəvi karate üzrə Dünya çempionu Fuad Əliyev, Ənənəvi karate üzrə Dünya və Avropa çempionu Seymur Hüseynov, 4-cü İslam Həmrəyliyi oyunlarının qalibi Roman Heydərov, Avropa çempionu Rafiz Həsənov, Avropa çempionu Nüranə Əliyeva, Avropa çempionu İlahə Qasımova, 4-cü İslam Həmrəyliyi oyunlarının qalibi Fəridə Abıyeva və bütün Azərbaycan Karate Federasiyaları Assosiasiyasının minlərlə üzvü və karateçiləri adından ünvanlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR