Bəzi müxalifət partiyaları koronavirusla mübarizədə dövlətin həyata keçirdiyi tədbirləri dəstəkləyir

Bəzi müxalifət partiyaları koronavirusla mübarizədə dövlətin həyata keçirdiyi tədbirləri dəstəkləyir
# 19 mart 2020 17:04 (UTC +04:00)

“Böyük Quruluş Partiyası dünyada, eləcə də ölkəmizdə geniş şəkildə yayılan və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya dərəcəsində qiymətləndirilən koronavirus ilə mübarizədə ölkə rəhbərliyinin xəstəliyin inkişafının qarşısının alınmasına yönəlik fəaliyyətini təqdirlə qarşılayır”.

APA xəbər verir ki, bu barədə Fazil Mustafanın rəhbəri olduğu BQP-nin yaydığı açıqlamada bildirilir. BQP koronavirus xəstəliyinə qarşı ölkə rəhbərliyininin həyata keçirdiyi tədbirləri təqdir edir. Açıqlamada qeyd olunur ki, görülən çoxsaylı qabaqlayıcı tədbirlər - Nazirlər Kabineti yanında Operativ qərargahın yaradılması, karantin və müalicə müəssisələrində böyükhəcmli təşkilati işlərin aparılması, müasir tibbi ləvazimatların, süni nəfəs aparatlarının ölkəyə gətirlməsi və digər addımlar bu prosesin dövlətin ciddi nəzarəti və diqqəti altında oluduğundan xəbər verir.

“Azərbaycan Respublikası Prezidenti tərəfindən yeni növ koronavirus (COVİD-19) infeksiyasına- gözəgörünməz düşmənə qarşı mübarizədə ön cəbhədə olan, gün ərzində mürəkkəb şəraitdə fasiləsiz çalışan tibb işçilərinin əmək haqqlarının üç-beş dəfə artırılması ilə bağlı sərərncamın verilməsi təkcə tibb işçilərinə qayğı kimi deyil həm də, koronavirusa yoluxan və ya yoluxa biləcək vətəndaşlarımıza qarşı diqqət və qayğı kimi də qiymətləndirilməlidir. Eləcə də, Azərbaycan Respublikasının Birinci-vitse-prezidenti Mehriban Əliyevanın koronavirus infeksiyası ilə bağlı xalqımıza mərhəmət, şəfqət və məhəbbət hissi ilə yayılan müraciəti də Mehriban xanımın rəhbər vəzifəli şəxs olmasından daha çox, ana və qadın şəfqətli bir insan kimi ölkə əhalisinə qayğıkeş xitabı kimi qiymətlənirilməlidir. Ancaq, bir şeyi dərk etməmiz və ona uyğun davranmamız hər bir vətəndaşımızın faydasına olardı. Əfvetməyən düşmənə qarşı mübarizədə dövlətlə yanaşı məsulyyətli davranışımızın, təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyimizin, şəxsi gigiyena və intizamlılığımızın da həlledici əhəmiyyəti olduğunu yaddan çıxarmamalıyıq.

Bu baxımdan dövlətin qayğısı ilə yanaşı bizlər də bir fərd olaraq üzərimizə düşən məsuliyyəti lazimi səviyyədə dərk etsək, özümüzə qarşı lazımi diqqət və həssaslıqla yanaşsaq bu bəlanın öhdəsindən daha qısa müddətə və az itkilərlə gələ bilərik. Dünyada baş verən bu ağır durum təbiidir ki, bayram əhval-ruhiyyəmizə mənfi təsirsiz ötüşməyəcək, ancaq bir millət olaraq mənəvi və praktik həmrəyliyimizi mühafizə etməklə ümidvarıq ki, bütün çətinliklərə sinə gərməmiz mümkün olacaq."

Ümid Partiyasının sədri İqbal Ağazadə də hökumətə, müxalifətə və xalqa çağırış edib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İ.Ağazadə deyib:

“Biz hamımız azərbaycanlıyıq, ola bilsin ki, ölkənin gələcəyinə fərqli baxırıq, fərqli görürük. Amma inanmıram ki, kimsə Azərbaycan xalqına münasibətdə düşmən mövqeyi sərgiləsin. Təkcə Azərbaycan yox, dünya üçün təhlükə olan koronavirusdan birlikdə xilas olmalıyıq. Əgər söhbət Azərbaycan xalqının taleyindən gedirsə, partiya mövqeyimizdən asılı olmayaraq, hamımız bir məqsədə xidmət etməliyik. Biz də Ümid Partiyası olaraq xüsusi təkliflər hazırlamışıq və bu istiqamətdə hökumətin addımlarını təqdir etməklə yanaşı, əməkdaşlığa hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR