Daha bir məşhur biznesmen deputatlığa namizədliyini irəli sürüb - MÜSAHİBƏ

Daha bir məşhur biznesmen deputatlığa namizədliyini irəli sürüb - MÜSAHİBƏ
# 30 dekabr 2019 11:00 (UTC +04:00)

Ötən illərlə müqayisədə Azərbaycanda hazırda seçkiyə xüsusi maraq müşahidə olunur. Son bir neçə həftədə parlament seçkilərinə namizəd olanların sayı artmaqdadır.

Xalq bununla da ölkədə gedən ictimai-siyasi proseslərə "yeni nəfəs" gələcəyinə inanır. Bugünkü müsahibimiz parlament seçkilərində namizədliyini irəli sürmüş "Zaferoğlu İnşaat" şirkətinin rəhbəri Zəfər Məmmədovdur.

- Zəfər müəllim, sizin parlament seçkilərində iştirak etməkdə qərarlı olduğunuzu eşitdik. Bu düzdürmü və biznes adamı olduğunuz halda siyasətə qatılmaq istəyiniz nə ilə bağlıdır?

- Əslində bu addımım siyasətlə məşğul olmaq niyyətimdən daha çox qanunverici orqan olan Milli Məclisdə təmsil olunmaqla dövlətimizə və millətimizə xidmət etmək istəyimlə bağlıdır. Dövlət Başçımızın bir çox sahələrdə islahatlar aparmaqla gənc kadrları irəli çəkdiyi, idarəetmədə onların enerji və gücünə üstünlük verdiyi bir dövrdə mən də enerjimi, idarəetmə sahəsindəki bacarıqlarımı dövlətimə, xalqıma həsr etməklə yalnız qürurlana bilərəm. Tam səmimi deyim ki, seçkilərdə iştirak etmək və seçiləcəyim təqdirdə Milli Məclisdə təmsil olunmaq mənim iş prinsiplərimi daha da genişləndirəcək, inkişaf etdirəcək. Ümumi işlərimlə yanaşı, seçkilərə qatılmağım elə dövlətimizə və xalqımıza qarşı olan sevgidən, tükənməyən potensialımdan və gücümdən xəbər verir.

Belə olan halda xalqımızın yanında durmaqla onlar üçün də bir çox işlər görə bilərəm. Bu səbəbdən də belə bir qərara gəldim.

- Zəfər müəllim, məqsədli və qətiyyətli olduğunuz bəllidir. Seçiləcəyinizə inamınız necə?

- Hesab edirəm ki, bu, seçicilərdən asılıdır. Xalqımız əl-ələ verib, bəzi hallarda şəxsi maraqlarını kənara qoyub, dövlət başçısının apardığı islahatlar, həmçinin də gəncləşmə siyasətinin həyata keçirilməsində dövlətimizin yanında durmalıdır. İnanıram ki, belə də olacaq.

Məşhur bir deyim var, "dövlət, polisi, ordusu, xüsusi xidmət orqanları ilə deyil, vətəndaşları ilə güclüdür". Hər bir vətəndaş dövlətimizin daha da güclənməsi üçün öz üzərinə düşən vətəndaşlıq borcunu yerinə yetirməlidir.

- Deputat seçiləcəyiniz təqdirdə hansı addımlar atmağı düşünürsünüz?

- Şahidi olduğum əvvəlki seçkilərdə bəzi namizədlər çıxıb seçicilərə deputatın səlahiyyətlərinə aid olmayan bir sıra işləri görəcəyini vəd etməklə səs qazanmaq istəyirdilər.

Milli Məclis qanunvericilik orqanıdır və deputatın da səlahiyyətlərinə aid olan və olmayan məsələlər var. Təbii ki, mən də bu səlahiyyətlərin yol verdiyi çərçivədə istər seçicilərim, istərsə də bütün vətəndaşlarımız üçün əlimdən gələni edəcəyəm.

Xalqın rifahının yaxşılaşdırılması, vətəndaşların maraqlarını əhatə edən qanunların hazırlanması, irəli sürülməsi, müdafiə olunması istiqamətində bir sıra planlarım var ki, bunları həqiqətən də həyata keçirmək üçün imkanlarım var. 10 ildən artıqdır ki, bu istiqamətdə fəaliyyət göstərirəm, 3 dəfə beynəlxalq mükafat almışam, müəyyən mənada insanlara dəstək olmağa, ehtiyacı olanlara yardım göstərməyə çalışmışam. Bu səbəbdən də üzərində məqsədli şəkildə dayandığım namizədlik iddiamı bir vətəndaş borcu olaraq da dəyərləndirə bilərik. Xalqımız üçün bir çox iş görməyə özümdə güc gördüyüm halda mən bu gücümü dövlətimin və xalqımın inkişafına, rifahına sərf edəcəyəm.

İnşallah, əgər seçkilərdə qalib gələrək, deputat seçilsəm, bundan dövlətimiz və xalqımız yalnız xeyir görəcək.

- Yəqin ki, sizin də diqqətinizdədir, ölkədə seçkiyə maraq artıb. Siz bunu nə ilə əlaqələndirirsiniz?

- Bəli, ötən illərə nisbətən seçkiyə maraq çox artıb. Məlum tendensiyanı Azərbaycan respublikasının Prezidenti, cənab İlham Əliyevin apardığı islahatlarla əlaqələndirirəm. Xalqın sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. İnsanlar da bunu görür və problemlərinin həlli üçün layiqli namizədi önə çəkməyə çalışır. Bu da öz növbəsində şəffaf və demokratik seçkinin keçiriləcəyinə əyani sübutdur.

- Hazırda seçkilərdə iştirakınız hansı mərhələdədir?

- Hazırda ilkin sənədlərimi 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsinə təqdim etmişəm və mənim namizədliyimin qəbul olunması ilə bağlı veriləcək cavabı gözləyirəm. Daha sonra imza vərəqələrini götürərək, imzatoplama kampaniyasına başlayacağıq.

Odur ki, qarşıda görəcəyimiz işlər hələ çoxdur.

Xatırladaq ki, parlamentin dekabrın 2-də keçirilən plenar iclasında hakim Yeni Azərbaycan Partiyasının deputatlarının Milli Məclisin buraxılması ilə bağlı təşəbbüsü ilə bağlı qərar qəbul edilib. Prezident İlham Əliyev dekabrın 5-də Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-a təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR