Deputat: "Azad edilmiş torpaqlarda məskunlaşma və böyük qayıdış qısa müddətdə təmin olunacaq"

Deputat: "Azad edilmiş torpaqlarda məskunlaşma və böyük qayıdış qısa müddətdə təmin olunacaq"
# 15 fevral 2021 16:19 (UTC +04:00)

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri tarixi böyük qayıdışımızın ilkin addımları kimi qiymətləndirilə bilər".

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, bu vaxta qədər bir neçə dəfə baş tutmuş bənzər səfərlərdə işğaldan azad olunmuş torpaqlarımızda, sadəcə, Azərbaycan bayrağının qaldırılmasının qürurunu yaşayırdıqsa, bu səfərdə artıq həyata keçirilmiş ilkin infrastruktur layihələrinin açılışının və təməlqoyma mərasimlərinin keçirilməsini görürük: "Unutmamalıyıq ki, cəmi bir neçə ay öncə işğal edilmiş torpaqlarımızın azad olunması haqqında düşünürdük. Bu gün artıq Laçın rayonunun Güləbird kəndində inşa edilmiş su elektrik stansiyasının açılışından danışırıq. Təkcə bu hadisə hər bir azərbaycanlı üçün onun qəlbini fəxarət və qürurla dolduracaq bir hadisədir. Azərbaycan Prezidenti İlham Əliyev gələcəkdə bərpa ediləcək kəndlərimizdən danışarkən bir məsələyə xüsusilə diqqət yetirərək bu kəndlərimizin necə olacağı ilə bağlı fikirlərini səsləndirdi. Bəlli oldu ki, ağıllı kənd layihələri 5 əsas parametrinə görə fərqlənəcək və məskunlaşmada əsas kriteriya təşkil edəcək. Bunlar Zəngilan rayonunun Birinci Ağalı kəndində tətbiq olunacaq “ağıllı kənd” layihəsi modelinə bənzər olmaqla 5 əsas komponent üzrə aparılacaq. Yəni yeni bərpa layihələri yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri kimi mühüm prinsiplər üzərində qurulacaq. Bu prinsiplər isə gələcək bərpa işlərində özünəməxsus model təşkil edəcək. Bu isə o deməkdir ki, işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşmaya paralel olaraq "ağıllı kənd təsərrüfatı" modeli üzrə paralel olaraq yeni iş yerləri də açılacaq, bununla, əhalinin məşğulluğu da təmin ediləcək. Eyni zamanda sosial obyektlərin inşası həmin ərazilərdə ən müxtəlif xidmətləri də həyata keçirməyə imkan verəcək. Dolayısıyla məskunlaşma, iş yerlərinin yaradılması, sosial xidmətlərin göstərilməsi və bütün bunları "yaşıl enerji" təchizatı prinsipilə baş tutması məsələnin kompleks şəkildə və birdəfəlik həllinə yol açacaq".

Deputat nəzərə çatdırıb ki, işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində də çoxsaylı su elektrik stansiyalarının tikiləcəyi və bunun üçün çox əlverişli şərtlərin olduğunu bildirən Prezident İlham Əliyev bir daha erməni vandalizminə diqqət çəkib: "Terrorçu ermənilərin ərazilərimizi tərk edərkən olub-qalan infrastruktur obyektlərimizi də dağıtdıqlarını bildirdi. Budan başqa, Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaqla faktiki olaraq yeni dəmiryol infrastrukturunun yaradılması işinin də başlatmış oldu. Şübhəsiz ki, bu sektorda ən böyük layihə Azərbaycanı Naxçıvanla birləşdirəcək Mehri dəmir və avtomobil yolu infrastrukturu olacaq. Bunun üçün də hazırlıq işləri aparılmaqdadır. Bu layihəni strateji layihə kimi dəyərləndirən Prezident onun qardaş Türkiyə ilə Azərbaycan arasında xüsusi əhəmiyyətli kommunikasiya olacağına da işarə etdi. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan cəmisi 44 gün kimi qısa bir müddətdə öz ərazi bütövlüyünü bərpa etdiyi kimi, elə eyni sürətlə də azad edilmiş torpaqlarımızda məskunlaşmanı və böyük qayıdışı təmin edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR