Deputat: “Bakıda erməni terrorunun qurbanı olan Cümhuriyyət qurucularımızın heykəlləri qoyulsun”

Deputat: “Bakıda erməni terrorunun qurbanı olan Cümhuriyyət qurucularımızın heykəlləri qoyulsun”
# 19 may 2020 11:35 (UTC +04:00)

“Biz Azərbaycan gerçəklərinin dünyada daha çox yayılması üçün gücümüzü daha da artırmalıyıq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında gündəliyin müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib.

O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın babasının faşistlərlə əməkdaşlığının faktlarla üzə çıxmasından sonra ermənilər Azərbaycan tarixinə qarşı hücumları artırıb: “Biz buna qarşı da mübarizəmizi artırmalıyıq. Ermənilərin faşistlərə müsbət münasibəti Qaregin Njdeyə qoyulan heykəllə, Paşinyanın babası ilə bağlı çıxan sənədlərlə bir daha təsdiq olundu. Cümhuriyyət tariximizə qarşı ermənilərin hücumlarına diaspor tərəfindən yüksək səviyyədə cavab verilməlidir.

Biz bu həqiqətləri hər yerdə geniş yaymalıyıq ki, Cümhuriyyət qurucularımızın bir hissəsi də məhz erməni terrorunun qurbanı olub, onlar tərəfindən qətlə yetiriliblər. Ermənilər Cümhuriyyət qurucularımızın qətlə yetirilməsi ilə bağlı bir siyahı hazırlamışdılar. Baş nazirimiz, İstiqlal Bəyannaməsində imzası olan Fətəli Xan Xoyski, Parlamentin sədr müavini, İstiqlal Bəyannaməsində imzası olan Həsən bəy Ağayev Tiflisdə, Qarabağın qurucu xanı Pənahəli xanın nəticəsi olan Daxili İşlər nazirimiz Behbud xan Cavanşir İstanbulda erməni terrorunun qurbanı oldular, ermənilər tərəfindən xaincəsinə qətlə yetirildilər. Bu böyük şəxsiyyətlərimizin ermənilər tərəfindən qətlə yetirilməsinin 100-cü ili tamam olur. Çox yaxşı olardı ki, Bakının mərkəzi yerlərində erməni terrorunun qurbanı olan Cümhuriyyət qurucularımızın büstləri və ya heykəlləri qoyulsun və orada onların məhz erməni terrorunun qurbanı olduqları, ermənilər tərəfindən qətlə yetirilməsi qeyd olunsun. Bu, ölkəmizə gələn çoxlu sayda insanlara həqiqətlərin, gerçəklərin daha geniş çatdırılması istiqamətində də vacib addım olardı".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR