Deputat: “Ermənistanın hərbi-siyasi rəhbərliyi layiqli cavabını alacaq”

Deputat: “Ermənistanın hərbi-siyasi rəhbərliyi layiqli cavabını alacaq”
  • Clock-gray 11:44
  • calendar-gray 27 Oktyabr 2020

“Ermənistana daşınan silahlar təkcə Ermənistanı deyil, onlara silah göndərən ölkələrinin multi-milyardlıq silah ticarətini də təhlükəyə salır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib.

O bildirib ki, Prezident İlham Əliyev xalqa son müraciətində düşmənin məhv edilən texnikalarının sayını açıqlayıb və haqlı olaraq bir neçə sualı beynəlxalq qurumların, ATƏT Minsk Qrupu ölkələrinin diqqətinə çatdırıb: “Dağlıq Qarabağ ərazisində bu qədər silah-sursat hardandır? Birincisi, beynəlxalq mülki aviasiya və daşımalar üzrə standartlar Çikaqo Konvensiyası ilə müəyyən edilir. İkincisi, Çikaqo Konvensiyasının 3-cü maddəsində hərbi və mülki məqsədlər üçün istifadə olunan təyyarələr prinsipial formada fərqləndirilir. Üçüncüsü, Konvensiyasının 4-cü maddəsi mülki təyyarələrin digər məqsədlər üçün, o cümlədən hərbi məqsədlər üçün istifadəsinin tamamilə qadağan edir. Azərbaycan Hökuməti tərəfindən qeyd edilən pozuntular barədə müvafiq məlumatlar Çikaqo Konvensiyasının icrasına nəzarəti həyata keçirən, BMT-nin ixtisaslaşmış qurumu olan İCAO-ya təqdim edilib. Bu məsələyə İCAO-nun Assambleyasında baxıla bilər, nəticədə Ermənistan İCAO-da səs vermə hüququndan məhrum ola bilər”.

Deputat deyib ki, eyni zamanda, həmin silahların daşınması həyata keçirən hava yolları, misal üçün Yunanıstanın Olimpus hava yolları da üzv ölkələrin hava məkanından istifadə hüququndan məhrum edilə bilər: “Bu isə həmin hava yolunun iflası deməkdir”.

K.Cəfərov nəzərə çatdırıb ki, Ermənistan, eyni zamanda, Qlobal Silah Ticarəti müqaviləsinin tələblərini pozub. Deputat vurğulayıb ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi və ona dəstək olan ölkələr gec-tez beynəlxalq hüquq çərçivəsində öz layiqli cavablarını alacaqlar.

 

Firuzə Vahid

Digər xəbərlər