Deputat: “Karantin rejimi əvəzinə epidemiya əleyhinə rejim ifadəsindən istifadə olunmalıdır”

Deputat: “Karantin rejimi əvəzinə epidemiya əleyhinə rejim ifadəsindən istifadə olunmalıdır”
# 09 aprel 2020 13:38 (UTC +04:00)

“Təklif edirəm ki, karantin rejimi əvəzinə epidemiya əleyhinə rejim ifadəsi istifadə edilsin”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı millət vəkili Nizami Səfərov deyib.

O bildirib ki, qanunlar qarşımızda duran hədəflərlə uzlaşmalıdır: “Bu, ölkə başçısının da tövsiyəsidir. Təcili həlli gözlənilən məsələlərlə bağlı qanuna təklif edilən dəyişikliklərin bir oxunuşda qəbul olunması daha məqsədəuyğundur. Bir çox yeni qanunun təcili qəbul edilməsi zərurətini proqnozlaşdırmaq elə də çətin deyil”.

Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Nazirlər Kabinetinin məhdudiyyətlərin Milli Məclisin üzvlərinə şamil olunmaması ilə bağlı qərarı ilə bundan əvvəl yaşı 65-dən yuxarı olan şəxslərin küçəyə çıxmasına qadağa qoyulması ilə bağlı qəbul etdiyi qərar arasında ziddiyyət var: “Konstitusiyanın 102-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərin deputatlara şamil edilmədiyini qanun layihəsinə daxil etsəydik, məsələ bununla da yekunlaşardı. Təəssüf ki, belə olmadı”.

Q. Həsənquliyev bəzi mağazaların bağlanmasına da münasibət bildirib: “Tibbi maskalardan istifadə etmək şərti ilə bəzi müəssisələrin fəaliyyəti bərpa olunmalıdıır. Kənd təsərrüfatı üçün gübrə satan mağazaların fəaliyyətinə icazə verilməlidir. Rayonlarda bir sıra istixanalarda yetişdirilən məhsullar elə orada da qalır. Hətta bəzi sahibkarlar deyir ki, icazə verin, məhsullarımızı Bakıda gətirib əhaliyə pulsuz paylayaq”.

Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, kənd təsərrüfatı sahəsi ilə bağlı fermerlərə heç bir qadağa qoyulmayıb: “Yardımla bağlı qeyd etmək istəyirəm ki, bir daha məlum oldu ki, bəzi insanlar müqaviləsiz çalışırlar, həmin sahibkarlar həmin işçilərin cibinə girir. Buna görə də onlar bu yardımlardan kənarda qalırlar. Ölkə başçısı da çıxışlarında dəfələrlə qeyd edib ki, qanuna hörmət etməlisən, hər kəs müqavilə əsasında işləməlidir. Qanuna hörmət etməsən, qanunun tətbiqindən də kənarda qalacaqsan”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR