Deputat: “Koronavirusa yoluxmanın artmaması üçün insanlarımız kütləvi aksiyalarda iştirakdan çəkinməlidir”

Deputat: “Koronavirusa yoluxmanın artmaması üçün insanlarımız kütləvi aksiyalarda iştirakdan çəkinməlidir”
# 15 iyul 2020 17:01 (UTC +04:00)

“Koronavirus epidemiyasının olmasına baxmayaraq, xalqımız, hər bir vətəndaşımız bu günlərdə Milli Ordumuza, Ali Baş Komandanımıza sosial şəbəkələr, mətbuat vasitəsilə birlik və həmrəylik mesajları göndərirlər”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

O bildirib ki, bu günlərdə dövlət çox çətin bir dönəmdən keçir: “Dövlətimizə, müstəqilliyimizə və ölkəmizə qarşı işğalçı Ermənistan və dünya erməniləri total hücüma keçib. Məğlubiyyətini dərk edən düşmən daha da azğınlaşır. Bu səbəbdən ərazi bütövlüyümüzə və müstəqilliyimizə təcavüz edən düşməni tezliklə məhv edilənədək hər birimiz milli birlik və vəhdətimizi qorumalıyıq”.

M. İbrahimqızı vurğulayıb ki, dünən Orduya dəstək məqsədilə keçirilən yürüş icazəsiz, yəni spontan keçirilməsinə baxmayaraq, tam əmin-amanlıq şəraitində təşkil olunub: “Lakin çox təəssüf ki, Şəhidlər Xiyabanı yaxınlığında yürüşün sonuna yaxın bir qrup təxribatçı qüvvə çox ciddi xaos yaratmaq niyyətilə Milli Məclisin binası ətrafında anti-milli və anti-dövlət şüarları səaləndirərək, Şəhidlər Xiyabanı meydanında asayiş keşikçilərinə qarşı hədsiz zorakı hərəkətlər edirdilər. Hətta polisi işgəncə ilə döymək, polis maşınlarını dağıtmaq və çevirmək kimi cinayət törədirdilər. Bu kriminal qüvvələr Milli Məclisin binasına yaxınlaşdıqdan sonra daha aqressiv hərəkətlər edirdilər. Mühafizə xidmətinin əməkdaşlarının müqavimətinə baxmayaraq, bu cinayətkar qüvvələr Məclis binasının giriş qapılarını sındıraraq binaya daxil olmağa nail oldular. Binanın içərisində daha dağıdıcı cinayət əməlləri törətdilər. Təxribatçı və dağıdıcı qüvvələr Mühafizə Xidmətinin əməkdaşlarına ağır zədələr yetiriblər. Dağıdıcı və təxribatçı qüvvələr Milli Məclisin binasında qarşılarına nə çıxmışsa, hər şeyi dağıtmağa və sındırmağa çalışmışlar. Bununla da Məclisin binasına böyük ziyan vurulub. Onların bu azğınlığının qarşısı qısa müddətdə asayiş keşikçiləri tərəfindən alınıb və parlamentin binasından qovulublar. Təbii ki, bu cinayət əməllərinə görə təxribatçı qüvvələrə layiqincə adekvat tədbirlər tətbiq olunacaq. Azərbaycan xalqının, Azərbaycan anasının qəlbinin şəhid yarası ilə qanadığı halda ermənipərəst qüvvələrin dəstəklədikləri 5-ci kolonun quldur üzvlərinin ölkəmizin ən ağır və həssas dönəmində, cəmiyyətdə qarışıqlıq yaratması və dövlətin qanunverici hakimiyyətinin binasını zəbt etmək cəhdi ən ağır cinayət kimi qiymətləndirilməlidir. Artıq ictimaiyyət və seçicilərimizdən də bu pozucu qüvvələrə qarşı barışmaz mövqenin göstərilməsi tələb edilir”.

Deputat nəzərə çatdırıb ki, COVİD-19 pandemiyasının hələ məhdudlaşdırılmadığı, yoluxma hallarının yüksək olduğu bir vaxtda aksiyaların keçirilməsi, minlərlə insanın bu aksiyalara qoşulması virusun daha geniş yayılması və insanların həyatını təhlükə qarşısına qoyması üçün əlverişli şərait yaradır: “Bu quldur dəstə məhz buna görə də qanun qarşısında cavab verməlidir. Bu cinayətkar qüvvələrin dağıdıcı və məkirli əməlləri dəfn olunmamış şəhidlərimizə qarşı da çox hörmətsizlik oldu. İstər ictimaiyyət, istərsə də biz bu mənəviyyatsızlığı heç cür bağışlaya bilmərik. Eləcə də, iyulun 14-də keçirilən aksiyada distansiyanın gözlənilməməsi, maskalardan istifadə olunmaması, insanlar arasında sıx təmaslar adi hal oldu. Vətəndaşların kütləvi şəkildə həlak olmuş hərbçilərimizin yaşadığı ünvanlara toplaşması və onların yaxınlarını ziyarət etməsi, dəfn mərasimlərində müşahidə olunan kütləvilik virusun yayım sürətini daha da artırır. Çox təəssüf ki, bir müddət sonra biz bu kütləviliyin acı nəticələrini görəcəyik və yaşayacağıq. Böyük ehtimal ki, yoluxma dinamikasında artım müşahidə olunacaq. İnsanların kütləvi şəkildə dəfn mərasimlərində iştirakı və həmin yerlərdə hərbçilərlə sıx təmasları ordu üçün də ciddi təhlükə yaradır. Bütün bunlara yol verməmək üçün insanlarımız kütləvi aksiyalardan, ziyarətlərdən, dəfn mərasimlərində iştirakdan çəkinməlidir. Vətəndaşlarımız daha məsuliyyətli davranmaqla, karantin rejiminə riayət etməklə, sabitliyi və təhlükəsizliyi qorumaqla həm xəstəliklə mübarizəyə, həm də milli ordumuzun, hərbçilərimizin öz işlərini lazımi şəkildə yerinə yetirmələrinə mühüm töhfələrini vermiş olacaqlar. Bizə yaraşan hansısa virusa yaxalanaraq ölmək deyil. Bizə yaraşan torpaqlarımızı işğal edən düşməni müqəddəs torpaqlarımızdan çıxarmaq və bu yolda lazım gələndə şəhidlik zirvəsinə ucala bilməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR